Əli Zülfüqaroğlu: Azərbaycan geosiyası böhranı öz lehinə çevirərək ərazi bütövlüyü və suverenliyini tam olaraq təmin etdi - ÖZƏL
27 Sentyabr 2024 11:37 Siyasət"Prezident İlham Əliyev Milli Məclisdəki çıxışında önəmli məsələlərə toxundu. Sülh danışıqları prosesi, qarşıda duran vəzifələr, eyni zamanda beynəlxalq vəziyyətlə bağlı mühüm mesajlar verildi".
Bu fikirləri Olaylar.az-a açıqlamasında "Xalq cəbhəsi" qəzetinin baş redaktoru, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib:
"Beynəlxalq hüquq anlayışının yerlə bir olması bütün dünyanı təhdid edir. Dünyanın təhlükəsizlik sistemi demək olar ki, dağılmış vəziyyətdədir. Belə olan halda dövlətlərarası münasibətlər sistemində müxtəlif dəyişikliklər baş verir, ciddi problemlər önə çıxır, necə ki biz bunun nümunələrini müxtəlif bölgələrdə müşahidə edirik. Əlbəttə, baş verən hadisələr onu deməyə əsas verir ki, dünyada yeni ittifaqların təməlləri atılmalıdır. Dövlətlər öz təhlükəsizliklərini təmin etmək üçün öz prioritetlərini müəyyənləşdirir və buna uyğun olan siyasi xətt yürüdür.
Beynəlxalq hüququn qarantı hesab olunan ölkələrin beynəlxalq hüquqa hörmət etməməsi dünyadakı geosiyası vəziyyəti tamamilə dəyişib. Beynəlxalq hüququn işlək mexanizmə çevrilməsini şərtləndirən beynəlxalq təşkilatlar fiaskoya uğrayıb və onlar qəbul etdikləri qərar və qətnamələrin icra mexanizmlərində problemlər yaranır. Yəni həmin beynəlxalq təşkilatlar funksionallıqlarını itiriblər, məsələn BMT-nin timsalında biz bunu görürük. Bu artıq dünyanın real mənzərəsini özündə ehtiva edir və buna göə də, dövlətlər konkret olaraq öz təhlükəsizliklərini təhdid edən amillərə qarşı ciddi addımlar atırlar. Hazırkı dönəmlərdə elə bir dövlət yoxdur ki, onun təhlükəsizliyi təhdid altında olmasın. Bütün dünyada belə bir mənzərə var. Öz imkanlarını doğru dəyərləndirən və adektav siyasət yürütməyi bacaran liderlər geosiyası böhranı öz lehinə dəyişdirə bilərlər, necə ki bunun nümunəsini Azərbaycan göstərdi. Azərbaycan geosiyası böhranı öz lehinə çevirərək ərazi bütövlüyü və suverenliyini tam olaraq təmin etdi, bölgədə yeni reallıqlar yaratdı. Eyni zamanda öz imkanlarını və geosiyasi prosesləri düzgün dəyərləndirməyən liderlər isə öz dövlətlərinin daha da təhlükəli vəziyyətə düşməsinə və geosiyasi qarşıdurma mərkəzinə çevrilməsinə şərait yaradırlar. Bunun misalını Ukrayna və onun lideri Zelenskinin timsalında görə bilirik. Bu baxımdan biz, indiyə qədər olan dövrlərə və Azərbaycanın apardığı siyasətə nəzər salsaq, əldə edilən uğurları müsbət dəyərləndirməliyik. Eyni zamanda ikinci Qarabağ müharibəsinə qədər, müharibə dönəmində, antiterror tədbirlərinə qədər aparılan effektiv siyasət, eyni zamanda antiterror tədbirlərindən sonra sülh danışıqları prosesi ilə bağlı əldə olunan nəticələr onu deməyə əsas verir ki, Azərbaycan kifayət qədər düşünülmüş, eyni zamanda uzaq perspektivə hesablanan addımlar atır, öz təhlükəsizliyinin hərtərəfli təmin olunması üçün şərtlər formalaşdırır və yeni reallıqlar yaradır. Bu baxımdan deyə bilərik ki, Azərbaycan geosiyasi durumu kifayət qədər dəqiq analiz edir və müasir çağırışlara uyğun davranır. Bu da Azərbaycan dövlətinin təhlükəsizliyinin təmin olunması üçün başlıca şərtdir".
Qiymət Mahir