Fransanın bu riyakar siyasətinə qarşı bir cəbhədə birləşilməlidir- ÖZƏL
26 Sentyabr 2024 17:28 Siyasət"Fransanın ada dövlətlərinə qarşı bu riyakar siyasəti nə yeni, nə də əl çəkəcəyi addım deyil. Tarixən Fransa imperiyası tək bu müstəmləkə şəraitində yaşayan ada xalqları deyil, eyni zamanda, ayrı-ayrı xalqları, bugünkü bir sıra müstəqil dövlətləri də öz müstəmləkə siyasətinin altına almışdır".

Bu fikirləri siyasi şərhçi Həşim Səhrablı Olaylar.az-a açıqlamasında bildirib:
"Baxmayaraq ki, həmin dövlətlər müstəqilliklərini əldə ediblər, indi də Fransa hakimiyyəti fərqli metodlar, fərqli vasitələrlə həmin dövlətləri sömürməyə, sərvətlərini və faydalı qazıntılarını, iqtisadi perskpektivlərini öz məqsədləri naminə istismara çalışır. Ada dövlətləri də bundan zərər çəkən əsas dövlət və xalqlar olaraq ön plana çıxır, çünki onlar hələ öz müstəqilliklərini qazana bilməyiblər, hələ də Fransanın müstəmləkəçilik şəraitində yaşayırlar. Belə olan halda özlərini, xalqlarını və maraqlarını, sərhədlərini qorumaları müşkül məsələyə çevrilir. Məhz saydığımız bu səbəblərə görə Parisdə onların öz müqəddəratlarını təyin etmələrinə heç bir vəchlə icazə verilmir, onlar fərqli yöntəmlərlə qəsb edilməyə davam edilirlər. Artıq bu məsələ tək Fransa səviyyəsində qala bilməz və onun daxili-siyasi məsələsi kimi qəbul edilə bilməz. Əgər Fransa dövləti beynəlxalq hüquqa önəm verdiyini söyləyirsə, o zaman öz daxilində yaşayan və etnik fransız olmayan xalqlara da müqəddərat hüququ verməli və referendum təşkil etməlidir. Əgər bunu öz xoşu ilə etmirsə, sivil qaydada BMT və ya digər təşkilatlar vasitəsilə müstəmləkəçiliyinə qarşı zəmin formalaşdırılmalıdır, ondan sonra da demokratiya, insan haqları uğrunda mübarizə aparan ayrı-ayrı dövlətlər bu məsələlərdə səmimidirlərsə, Fransanın bu riyakar siyasətinə qarşı bir cəbhədə birləşməlidirlər, həm də əzilən bir müstəmləkədə yaşayan xalqların öz haqlarını müdafiə etməsinə dəstək verməlidirlər".
Zeynəb Rzayeva