Makron Azərbaycana və Ermənistana apardığı çılpaq siyasətin davamı olan mövqedən çıxış edir - ÖZƏL

"Makronun BMT kimi mötəbər kürsüdən irticaçı bir ölkənin müdafiəsinə yönəlmiş çıxış etməsi doğrudan da həm təəccüblüdür, eyni zamanda, bu, dünya təhlükəsizlik sisteminin nə qədər kövrək və yanlış təsəvvürlər üzərində qurulduğunu bir daha sübut edir". 



Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.
"Makron əslində son illərdə, xüsusilə də son dörd ildə Azərbaycana və Ermənistana apardığı çılpaq siyasətin davamı olan mövqedən çıxış edir. Bu gün onun "Ermənistan  Azərbaycan tərəfindən təzyiqə məruz qaldıqca, biz Ermənistanın yanında olacağıq" bəyanatı həm Azərbaycana qarşı irticaçı bir mövqedir, həm də Ermənistanın təcavüzkar ölkə olmasına baxmayaraq, onu layiq olmadığı dəstəklə təmin etmək mövqeyidir. 
Makron burada, təbii ki, böhtan atır. Çünki Azərbaycan Ermənistana beynəlxalq hüquq norma və prinsiplərinin ziddinə olan hər hansı bir müstəvidə və hər hansı bir istiqamətdə təzyiq göstərmir. Azərbaycan Ermənistana sadəcə olaraq bölgə üçün çox vacib olan sülh gündəliyini təşviq edir ki, bunun da Makron tərəfindən təzyiq kimi qiymətləndirilməsi, əlbəttə, beynəlxalq sülhə və təhlükəsizliyə şəxsən Makron tərəfindən təcavüzdür. 
Makron bununla hələ 2020-ci ildə apardığı açıq şəkildə başlatdığı siyasəti bir növ davam etdirir. Vətən müharibəsinin davam etdiyi günlərdə Makron BMT Təhlükəsizlik Şurasında Azərbaycanın əleyhinə qətnamənin qəbul olunması təşəbbüsü ilə çıxış etsə də, uğursuzluğa düçar oldu və 10 noyabr sənədi imzalanandan sonra Fransa parlamenti təbii ki, Makronun fəal iştirakı və dəstəyi ilə keçmiş Dağlıq Qarabağ ermənilərinin müdafiəsinə yönəlmiş müəyyən bəyanatlarla çıxış etdilər. Hətta Makron həmin günlərdəki kimi 2020-ci ilin sonlarında "biz Ermənistanı tək qoymayacağıq və Ermənistanı sona qədər müdafiə edəcəyik" kimi irticaçı və təcavüzkar bəyanatlar səsləndirdi. Halbuki o zaman müharibənin bitməsi, dünya qarşısında belə bir açıq sual qoymuşdu ki, sonra nə olacaq? Təbii ki, mütərəqqi qüvvələr "sonra nə olacaq?" sualına belə cavab verirdilər ki, mütləq Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmalıdır. Çünki müharibə bitdisə, bundan sonrakı addım sülh sazişinin imzalanmasından ibarət olmalıdır. Amma mütərəqqi qüvvələrin bu cür düşüncələrinə, o cümlədən Azərbaycanın bu cür təşviqetmə siyasətinə qarşı Makron açıq-aşkar Ermənistanı davakar bir mövqeyə hazırlamağa başladı və Ermənistanı sülh sazişinin imzalanmasına təşviq etməyin əvəzində guya Ermənistan hansısa bir təcavüz və təcavüz təhlükəsi ilə üzləşmiş ölkə imiş kimi bir görüntü yaradaraq özünü Ermənistanın yanında dayanacaq qüvvə kimi təqdim elədi.
Bu gün də eynilə həmin mövqedədir. Ermənistanı sülh sazişi imzalanmasından çəkindirmək üçün onu anti-sülh ritorikası üstündə kökləyir, anti-sülh siyasətini həvəsləndirir, silahlandırır və bu cür bəyanatlarla, xüsusilə də BMT kimi mötəbər bir tribunadan dünya ölkələrinə, "Ermənistanı sülh siyasətində müdafiə edin" kimi bir çağırış edir. Əslində dünya dövlətlərini Ermənistanın sülh siyasətini yox, Ermənistanın təcavüzkar siyasətini müdafiə etməyə çağırış edir. Bunu dünya dövlətləri qiymətləndirməlidirlər, fərqinə varmalıdırlar ki, Makron özü Ermənistanın təcavüzkar siyasətinin müdafiəsində dayanmağı az imiş kimi hələ bir dünya dövlətlərini də bu işə səsləyir. Dünya bilir ki, Paşinyanın hazırkı siyasəti sülh siyasəti deyil və Makron Paşinyanın bu gün apardığı siyasətə sülh siyasəti deməklə, əslində onun bölgədəki sülh pozuculuq siyasətinə haqq qazandırır və onun üstünə çətir çəkir. Bu, dünyada sülh və təhlükəsizliyi üçün olduqca təhlükəli bir mövqedir". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31