Makron bəyanatlarla çıxış etməkdənsə.... - ÖZƏL
26 Sentyabr 2024 16:45 Siyasət"Fransanın prezidenti BMT-nin Baş Məclisinin sessiyasında BMT Təhlükəsizlik Şurasında islahatlar aparılması kimi yekə bəyanatlarla çıxış etməyin əvəzində özünün müstəmləkələrinə azadlıq vermək haqqında düşünsə, daha yaxşı olar".

Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.
"Bu gün Fransanın keçmiş dənizarxası ərazilərində, xüsusilə də Kaledoniyada, Martinikada, Qladiopada, Polineziyada və digər adalarda xalqların azadlıq və müstəqillik uğrunda apardığı mübarizələrinin hansı repressiv mühitlə rastlaşdığını artıq dünya görməkdədir və Fransanın yeni müstəmləkəçilik siyasətinin ifşa olunmasında, təbii ki, öncül mövqelərdən birini Azərbaycan oynayır. Bu gün Fransanın müstəmləkələri sırasında Yeni Kaledoniyanın. Martinika xalqlarının apardığı mübarizə öz mütəşəkkilliyi və məqsədyönlülüyü ilə daha çox seçilir.
Artıq fəal azadlıq mübarizəsi başlayıb, o cümlədən də Martinikada və buna uyğun olaraq Fransa dövləti, xüsusilə də Martinika xalqına qarşı görünməmiş repressiyalar tətbiq edir. Artıq polisin uyğun olmayan qüvvə tətbiq etməsi, hətta etirazçıların arasında ölüm hallarının olması ilə bağlı məlumatlar gəlir. Bütün bunlar deməyə əsas verir ki, Fransa BMT Təhlükəsizlik Şurasında özünün veto təminedici mövqeyindən sui-istifadə edir, ona qarşı hər hansı bir haqlı və əsaslı, dayandırıcı qərarın çıxarıla bilməyəcəyinə əmindir. Cəzasız qalacağına əmin olduğuna görə, müstəmləkə xalqlarına, o cümlədən Martinika xalqına qarşı bu cinayətkar siyasət aparmaqda davam edir. Ona görə də Fransanın Makronun Təhlükəsizlik Şurasının tərkibində islahatlar aparmaq siyasəti sadəcə olaraq riyakarlıqdır. Çünki əgər bununla Makron özünü guya dünyada Təhlükəsizlik Şurasının daha effektiv bir quruma çevrilməsini istəyən dövlət xadimi kimi göstərirsə, birinci növbədə azadlıq istəyən müstəmləkə xalqlarına istədiyini verməlidir. Hansı ki, BMT-nin də bununla bağlı xüsusi qərarları var. Hətta keçmiş müstəmləkələrə zəruri azadlığın verilməsi ilə məşğul olan xüsusi komissiya da var. O cümlədən həmin siyahıya Martinika xalqı da daxildir, Kaledoniya xalqı da daxildir. BMT bu xalqlara müstəmləkə əsarətindən azadlıq verilməsini, artıq Fransa kimi müstəmləkəçi ölkələrə bir öhdəlik kimi müəyyənləşdirib. Sadəcə, Fransa Təhlükəsizlik Şurasında özünün veto təminedici mövqeyindən sui-istifadə edərək bu xalqların azadlığını boğmaqda hələ davam edir".