Azərbaycan xalqı yaşadıqca bu tarix yaşayacaq - ÖZƏL

"Hesab edirəm ki, 27 sentyabrın Azərbaycan tarixində, elə demək olar ki, dünya tarixində çox önəmli bir yeri var".
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib.
"Bizim üçün o baxımdan önəmi var ki, biz 30 ildir ərazi bütövlüyü problemi yaşayırdıq, suverenliyimiz pozulmuşdu. Bəzi məqamlarda Xankəndi və digər məsələləri nəzərə alsaq, bizim 100 illik problemimiz mövcud idi və ermənilər bu məsələlərdən də qətiyyən geri çəkilmək istəmirdilər və çəkilmirdilər. Beləcə biz 30 il ərzində torpaqlarımızın işğalı, vətəndaşlarımızın, soydaşlarımızın məcburi köçkün düşməsi ilə qarşılaşmışdıq və 30 illik nəticəsiz danışıqlar da bizi, xalqımızı, dövlətimizi yormuşdu. Bu mənada  hesab edirəm ki, biz 27 sentyabrda əks- hücum əməliyyatlarına başlamaqla erməni mifini, erməni terrorunu, "Böyük Ermənistan" ideyasını, "dənizdən-dənizə Ermənistan" ideyasını və digər bu kimi məsələləri darmadağın etdik. Biz ərazi bütövlüyümüzü bərpa etdik. 30 illik həsrətə, yanğıya, faciəyə son qoyduq. Azərbaycan xalqı, onun şəhidləri, qaziləri, başda Ali Baş Komandan olmaqla bütövlükdə ordumuz tarix yazdı və biz dünyaya sübut etmiş olduq, göstərdik ki, Azərbaycan xalqı qəhrəman xalqdır.
Biz 1990-cı illərdə də belə 20 yanvar hadisələrində, SSRİ-nin dağılmasında mübariz xalq adını qazanmışdıq. Hesab edirəm ki, 2020-ci ildə biz qəhrəman xalq adını qazanmış olduq, Azərbaycan xalqı qəhrəmanlıqla öz torpaqlarını azad elədi. Hesab edirəm ki, Azərbaycan dövləti durduqca, Azərbaycan xalqı yaşadıqca, 27 sentyabrdan başlayan hadisələrin tarixi anı, tarixi məqamların tarixdə qalması davam edəcək. Onun əhəmiyyəti ötən hər ildə daha çox açılacaq, mahiyyəti daha çox tədqiq olunacaq və Azərbaycan xalqı yaşadıqca bu tarix yaşayacaq. Bu tarixdə qəhrəmanlıq göstərmiş  şəxslərimiz, gənclərimiz, hərbçilərimiz, vətəndaşlarımız unudulmayacaq. Ən əsası, Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik qabiliyyəti, peşəkar dövlət başçısı, lider kimi tarixə yazılmış oldu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31