27 sentyabr Azərbaycan xalqının özünə dönüş günüdür - ÖZƏL
26 Sentyabr 2024 15:47 Siyasət"27 sentyabr anım günü ilə bağlı danışanda mütləq dönüb arxaya baxmalıyıq, həmin günü gözlərimizin önünə gətirməliyik".

Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Mən də təbii ki, müəyyən məsələlərin iştirakçısı, yəni hadisələri yaxından izləyən, yetərincə məlumatlı birisi kimi deyirəm ki, doğrudan da işğalçı Ermənistan dinc durmurdu, üstümüzə gəlməyə davam edirdi və onlar bir qədər də həddlərini aşaraq bizi guya küncə sıxışdıracaqlarını iddia edirdilər. Məhz 27 sentyabrda başlayan "Dəmir yumruq" əməliyyatı bununla bağlıdır. Ümumiyyətlə, ermənilər təbliğat aparır ki, Azərbaycan guya durub durduğu yerdə hücum edib, dinc erməniləri öldürüb, orada hərbi əməliyyatlara başlayıb və s. Belə bir şey olmayıb. Hər şey bizim hamımızın gözü qarşısındadır. Ermənilər bizim polislərimizi belə öldürdülər, bizim orada dinc insanlarımızı öldürdülər, ardınca hücumlar etdilər və nəticə etibarı ilə o həddə gəlib çatdı ki, artıq onların 27 sentyabrda olan növbəti təxribatına Azərbaycan ordusu tam gücü ilə cavab verməli oldu. Təəssüflər olsun ki, onlar bu gücün qarşısında dinc durmaq, səhvlərini etiraf etmək əvəzinə, Azərbaycanın hətta müharibə bölgəsindən uzaqdakı şəhərlərini bombalamaqla cavab verdilər və təbiidir ki, bütün bunlar da Azərbaycanın məcburiyyət qarşısında onlara qarşı tam cəbhə boyu hücuma keçməsinə və torpaqlarını azad edib terrorun, bölücülüyün kökünü kəsməsinə səbəb oldu. Yəni 27 sentyabr bu fonda dəyərləndirilməlidir.
27 sentyabr həm də Azərbaycan xalqının özünə dönüş günüdür. Millətin oyandığı, ayıldığı, qətiyyətə kökləndiyi gündür. Yəni illər idi ki, biz o günü gözləyirdik. İllər idi ki, bizim vətənpərvər insanlarımız məhz belə bir günü gözləyirdi ki, ayağa qalxıb düşmənə yerini göstərərək, torpaqlarımızı azad edək. Əlbəttə ki, 27 sentyabr Azərbaycan xalqının şərəf kitabının çox önəmli bir səhifəsidir".