Ermənistanın bədbəxtçiliyi ondadır ki, Fransaya arxalanır - ÖZƏL
26 Sentyabr 2024 15:51 Siyasət"Fransa prezidenti Emmanuel Makron hazırda o böyük dövlətin üz qarasıdır".
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Fransa kimi dünyanın ən təsirli, güclü dövlətlərindən birini Makron rəzil duruma salıb və bu rəzillik hələ də davam edir. İndi Azərbaycanın guya Ermənistana təzyiqləri ilə bağlı dediyi birincisi, cəfəngiyyatdır. Azərbaycan heç kimə təzyiq etmir. İkincisi də, bunlar Ermənistanın arxasında olacaqmış, olub nə edəcəksiniz? Elə 2020-ci ilin 44 günlük savaşı günlərində də Makron deyirdi ki, biz Ermənistanın arxasındayıq. Bu, bizə milçək vızıltısı kimi gəldi. Bizim igid oğullarımız Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında canları və qanları bahasına torpaqlarımızı düşmən işğalından azad etdilər. Makron bizə nə etdi ki? Və ya nə edə bilərdi ki? Gəlib bizimlə savaşacaqdı? Savaşa bilməz. Ondan savayı, ümumiyyətlə, Ermənistanın bədbəxtçiliyi ondadır ki, Fransaya arxalanır. Makron və Fransa dövləti erməniləri və Ermənistanı bədbəxt eləməyə davam edir. Onlar Ermənistanı qızışdırır, Azərbaycanın üzərinə salır, Azərbaycan da Ermənistanın burnunu ovub növbəti dəfə yerinə oturdur. 44 günlük savaşdan sonra əgər Ermənistan Fransaya uymasaydı, aldanmasaydı, Azərbaycanla anlaşsaydı, qısa müddətdə məsələlər kökündən həll olunacaqdı və Qarabağdakı ermənilər də indi rahat-rahat Azərbaycan vətəndaşı kimi yaşayırdılar. Hətta Azərbaycan dövləti onların sosial, iqtisadi problemlərini də kökündən həll edəcəkdi. Amma nə oldu? Fransa qızışdırdı, Ermənistan qudurdu, üstümüzə gəlmək istədi. Qarabağdakı bölücülər də həvəsləndilər, o tərəfdən də rus sülhməramlıları onlara kömək elədi, silahlandırdı və nəticə etibarilə də Qarabağdan və bütövlükdə Azərbaycan torpaqlarından birdəfəlik rədd olub getməli oldular. Bu da bunlara Fransanın dəstəyi, dayağı. Ona görə də, Ermənistan bizdən qabaq Fransaya deməlidir ki, otur oturduğun yerdə, o kirli burnunu Qafqaza soxma. Biz deyirik və göstəririk, biz ziyan çəkmirik. Fransa nə qədər belə şeylər danışsa da, biz ziyan çəkmirik. Ziyan çəkən kimdir? Ermənistandır. Ona görə də, mən düşünürəm ki, bu dəfə artıq Ermənistan Fransaya deməlidir ki, "bir kənara dur, biz Azərbaycanla anlaşacağıq".