İlham Əliyev Azərbaycan xalqına Qalib xalq statusunu bəxş etdi

İstiqamət-Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması.

 Uzun illər ərzində Azərbaycana qarşı torpaq iddiasında olan işğalçı Ermənistan nəhayət xarici havadarlarının hərbi dəstəyi ilə ölkəmizin 20 faiz ərazisini işağl edə bildi. Azərbaycan torpaqlarını  işğal edən faşist xislətli ermənilər Qarabağ və Şərqi Zəngəzurda misli görünməmiş talançılıq törədərək bu ərazilərdə mövcud olan bütün maddi-mədəni irsimizi məhv etməyə çalışdılar. Azərbaycanın təbii sərvətləri vəhşicəsinə talanaraq işğalçıya dəstək verən dövlətlərlə birgə mənimsənildi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-dən başlanan 44 günlük Zəfər yürüşü doğma torpaqlarımızı azadlığa qovuşdurmaqla yanaşı, tarixi, mədəni, elmi, dini irsimizi də erməni vandallarından xilas etdi. Düz 30 il işğal altında qalan torpaqlarımız  Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edildi. Bu Zəfər sözün həqiqi mənasında Ali Baş Komandanın siyasi iradəsi, qətiyyəti və yürütdüyü uğurlu xarici siyasət nəticəsində mümkün oldu. Belə ki, İlham Əliyev hakimiyyətə gəldikdən sonra ölkənin iqtisadi, hərbi sahəsinin inkişafına xüsusi diqqət yetirdi. Paralel olaraq vətənpərvər gənclərin yetişdirilməsi məsələsi diqqətdə saxlandı. Nəticədə böyük siyasətçi, diplomat, sərkərdə olaraq Azərbaycanın haqq savaşında öndə dayanıb bütün cəbhələrdə düşmənlə, onun havadarları ilə mübarizədən qalib ayrılan, haqqımızı bizə qaytaran, 200 illik tariximizdə ən böyük qələbəni xalqımıza yaşadan Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunmasına nail olduq. Bununla da Prezident İlham Əliyev Azərbaycan xalqına Qalib xalq statusunu bəxş etmiş oldu. 
Lakin buna baxmayaraq, Azərbaycanın torpaqlarını azad etməsini, ərazi bütövlüyü və suverenliyini bərpa etməsini həzm edə bilməyən dairələr ölkəmizə qarşı "səlib yürüşünə" keçiblər. Təsadüfi deyil ki, dövlət  başçısı yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı bəyan etdi ki, Azərbaycana qarşı ideoloji təxribatlar davam edir. Dövlət başıçısı həmin təxribatların bu günə qədər heç bir nəticəsinin olmadığını vurğuladı, bunların qarşısında xalqımızın güclü iradəsinin və milli ruhumuzun dayandığını qeyd etdi. Prezident xüsusilə diqqətə çatdırdı ki, istənilən ideoloji təxribatın Azərbaycanda kök salması qeyri-mümkündür. Bununla belə, dövlət başçısı bildirdi ki, bu, bizi sakitləşdirməməlidir. Bəli, xaricdən yürüdülən aqressiv təbliğatın qarşısını almaq üçün hər birimizin sayıq olması zəruridir.
Fakt ondan ibarətdir ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra regionda söz sahibi olmağa, yaxud da ölkəmizi təhdid və təzyiqlər altında saxlamağa çalışan dövlətlərin cəhdləri daha aydın şəkildə görünməyə başlayıb. Bilərəkdən sülh prosesinin yayındırılması, Ermənistanın silahlandırılması, eləcə də Azərbaycana qarşı siyasi-ideoloji və informasiya cəbhəsinin açılması ölkəmiz qarşısında yeni vəzifələr qoyur. Elə bu səbəbdən  Prezident İlham Əliyev çıxışı zamanı əsas məqsəd və vəzifələri bir daha diqqətə çatdırdı: "İlk növbədə Azərbaycana qarşı artan təzyiqlər səbəbindən dövlətin birinci nömrəli vəzifəsi hərbi gücün artırılmasıdır. Çünki İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının arxada qalmasına baxmayaraq, həm dünyada gedən proseslər, həm yeni münaqişə və müharibə ocaqlarının yaradılması və bu səbəbdən də region ətrafında gərginliyin artması, həm də Ermənistanda revanşizm meyillərinin olması Azərbaycanı hərbi sahəyə daim diqqət göstərməyə vadar edir. İkinci əsas vəzifə ondan ibarətdir ki, yerli hərbi sənaye kompleksi daha sürətlə inkişaf etdirilməlidir. Buna səbəb isə odur ki, dünya silah bazarında qıtlığın yaranması və əsas etibarilə daha geniş coğrafiyada silah ixrac edən ölkələrin öz problemləri ilə məşğul olmasıdır. Üçüncü əsas vəzifə ölkə sərhədlərinin daha güclü şəkildə qorunmasıdır. Bununla da  Azərbaycan həm xaricdən gələn təhdidlərin qarşısını daha qətiyyətli şəkildə alır, eyni zamanda daxildə təxribatlar törətməyə çalışanları neytrallaşdırır. Məhz buna görədir ki, ölkəmizin quru sərhədləri bağlıdır və bu, sabitliyin təminatında əhəmiyyətli rol oynayır. Dördüncü əsas vəzifə Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsindən ibarətdir. İşğaldan azad olunmuş ərazilərə həyatın qaytarılması bu gün prioritet işlərdən hesab edilir. Beşinci əsas vəzifə də odur ki, cəmiyyətdəki milli birliyi daha da möhkəmləndirmək və gənc nəsli yad ideoloji təsirlərdən qorumaqdır. Heç şübhəsiz ki, bu faktorlar Azərbaycanın gələcək inkişafının əsas təminatçısıdır. Ona görə Prezident İlham Əliyevin bildirdiyi kimi, elə gənc nəsil yetişdirilməlidir ki, həm bilikli, savadlı, həm Vətənə bağlı, qürurlu olmalı, həm də xarici təsirlərə boyun əyməməlidir".
Prezident İlham Əliyevin işğaldan azad olunmuş torpaqlarımıza səfərləri çərçivəsində icra edilmiş yeni layihələrin təməlqoyma və açılış mərasimləri sübut edir ki, ermənilərdən fərqli olaraq Azərbaycan xalqının əsas məqsədi insanların rifahı və xoşbəxt gələcəyi naminə qurub-yaratmaqdan ibarətdir. Məhz bu səfərlərdən biri elə cari ilin sentyabrın 20-də doğma Qarabağın Xankəndi şəhərinə, orada yerləşən Qarabağ Universitetinin açılışı ilə reallaşdı. Dövlət başçısının birbaşa diqqət və qayğısı nəticəsində qısa müddət ərzində bu ali təhsil ocağında müasir tədris infrastrukturu yaradılıb. Universitetin bütün ərazisində genişmiqyaslı abadlıq işləri həyata keçirilib. 

Xankəndidə Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşü zamanı Prezident İlham Əliyev Azərbaycan xalqını Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib və  bildirib ki, 20 Sentyabr bundan sonra ölkəmizdə geniş şəkildə qeyd ediləcək. Prezident İlham Əliyev 44 gün ərzində şanlı ordumuzun bütün dünyaya nümunə sayılacaq qəhrəmanlıqlarından bəhs edərək vurğulayıb ki, biz bu Qələbə ilə, haqlı olaraq hərbçilərimizlə fəxr edirik və əbədi fəxr edəcəyik: "Əminəm ki, hər bir qərəzsiz təhlilçi, hərbi ekspert və obyektiv insan bizim bütün bu 44 günlük qəhrəmanlıq salnaməsini təhlil edərək eyni nəticəyə gəlməlidir".
Antiterror tədbirlərindən söz açan dövlətimizin başçısı əməliyyat nəticəsində  Ermənistanın  Qarabağda 15 min nəfərdən çox olan hərbi kontingentinin tamamilə iflic vəziyyətinə düşdüyünü və bir neçə saatdan sonra kapitulyasiya şərtlərinin müzakirə edildiyini xatırlatdı, revanşistlərə və Ermənistanı silahlandıran ölkələrə mesajlar verdi. Azərbaycan xalqı çoxəsrlik tarixinin şərəfli mərhələsini yaşayır. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən başlanan əks-hücum əməliyyatları nəticəsində 30 ilə yaxın Ermənistanın işğal altında saxladığı torpaqları azad etməklə tarixi ədalət bərpa etdi. Bu gün Xankəndi ilə yanaşı, işğaldan azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzurun bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bölgənin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə təmin edilən  uğurlu layihələr öz növbəsində ölkəmizin dinamik inkişafına da təkan verəcəkdir.
Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcəkdir. Dövlət Suverenliyi Gününün təsis edilməsi təkcə Azərbaycan xalqının və Ordusunun tarixi xidmətlərinin etirafı deyil, həm də ölkənin müstəqil və suveren dövlət kimi gələcək inkişafının rəmzidir. Bu əlamətdar tarix həm də xalqımızın Vətən uğrunda mübarizə aparmağa və qurban verməyə hazır olduğunu göstərən ən yüksək dəyərdir. Prezidentin digər Sərəncamı ilə 20 sentyabr həm də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd ediləcək.

Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31