27 Sentyabr - Ərazi bütövlüyümüzün bərpa olunmasını xatırladan əlamətdar tarix- ÖZƏL
26 Sentyabr 2024 13:19 Siyasət"Azərbaycan dövləti, Azərbaycan xalqı üçün 30 il çox ağrılı məsələ oldu. Azərbaycan dövlətinin əsas məqsədi məhz torpaqların azad olunması idi. Bu yolda Azərbaycan dövləti ilə Azərbaycan xalqı hər zaman həmrəylik nümayiş etdiriblər. Bu, müharibə zamanı da özünü göstərdi".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib:
"Azərbaycan xalqı üçün 27 Sentyabr Anım Günü Vətən Müharibəsinin başlanğıcını və uzun illərdən sonra ərazi bütövlüyümüzün bərpa olunmasını xatırladan əlamətdar bir tarixdir. Bu tarixi qələbənin əhəmiyyəti yalnız torpaqlarımızın azad edilməsi ilə məhdudlaşmır, həm də Azərbaycan dövlətinin və xalqının güclü lider ətrafında birləşərək böyük bir qələbəyə imza atmasını simvolizə edir. 30 ilə yaxın davam edən işğal dövründə Ermənistanın təxribatçı siyasəti, beynəlxalq təşkilatların, xüsusən ATƏT-in Minsk qrupunun uğursuz səyləri və beynəlxalq ictimaiyyətin biganəliyi Azərbaycanın haqq mübarizəsini çətinləşdirdi. Lakin bu müddət ərzində Azərbaycan xalqı öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək üçün hər zaman siyasi iradəsini və birliyini qorudu. Bu iradənin ən böyük təzahürü isə güclü liderin - Prezident İlham Əliyevin qətiyyətli mövqeyi və sarsılmaz siyasi iradəsi oldu.
Güclü Lider - Güclü Dövlət amili Azərbaycanın qələbəsində həlledici rol oynadı. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan həm döyüş meydanında, həm də diplomatik arenada öz gücünü nümayiş etdirdi. Ali Baş Komandanın idarəçiliyi sayəsində hərbi əməliyyatlar yüksək dəqiqlik və peşəkarlıqla həyata keçirildi. Eyni zamanda, ölkədəki hərbi-siyasi strategiya və xalqla ordu arasında yaradılan güclü birlik işğaldan azad edilən torpaqların bərpasına və Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinə səbəb oldu. Azərbaycanın 44 günlük Vətən Müharibəsi yalnız hərbi qələbə deyil, həm də milli birliyin, dövlətin və xalqın bir araya gəldiyi bir zəfər idi. Azərbaycanın bu qələbəsi regional və qlobal güclərə güclü bir dövlətin necə formalaşdığını, güclü liderin isə bu dövlətin beynəlxalq arenada öz sözünü deməsi üçün nə qədər əhəmiyyətli olduğunu göstərdi. Qələbənin zirvəsi olan Şuşa şəhərinin azad olunması Azərbaycan xalqının tarixində parlaq bir səhifə olaraq yazıldı və bu zəfər Ali Baş Komandanın qətiyyəti və xalqın birliyi sayəsində mümkün oldu. Bununla yanaşı, 2023-cü ilin sentyabrında Qarabağ iqtisadi rayonunda keçirilən antiterror əməliyyatı Azərbaycanın dövlət suverenliyinin tam şəkildə bərpa olunmasının növbəti simvolu oldu. Bu əməliyyat, Azərbaycanın hərbi qüdrətinin və liderlik keyfiyyətlərinin bir daha sübutu idi. Beləliklə, güclü lider və güclü dövlət strategiyası nəticəsində Azərbaycan nəinki öz ərazilərini azad etdi, həm də beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq suverenliyini tam şəkildə bərpa etdi. Bu qələbə Azərbaycan xalqının iradəsinin, dövlətin gücünün və Prezident İlham Əliyevin müdrik rəhbərliyinin parlaq təcəssümüdür. Azərbaycan dövləti bu qələbə ilə regionda sülh və sabitliyin əsas aktoruna çevrildi, vətən uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi isə xalqımızın qəlbində əbədi olaraq yaşayacaqdır".
Qiymət Mahir