Vüqar Əhmədov: Azərbaycan dövləti bu istiqamətdə kifayət qədər effektiv addımlar atır- ÖZƏL

"İkinci Dünya müharibəsindən sonra formalaşan təhlükəsizlik nizamı indi deyil, 2001-ci ildə, ABŞ-nin  dünyada terrorla mübarizə aparmaq üçün öz NATO müttəfiqləri ilə suveren ölkələrə müdaxiləsi ilə başlandı".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib:

"O zamandan dünyada kim güclüdürsə, o da haqlıdır prinsipi hökm sürməyə başladı. Çünki ABŞ nə BMT Təhlükəsizlik Şurasının qətnamələrini gözlədi, nə də onlara məhəl qoydu. O zamanlar ABŞ-nin  bu hərbi müdaxiləsinə etiraz olaraq Rusiya Prezidenti Vladimir Putin belə bir fikir səsləndirdi və qeyd etdi ki, indiki dünyada kim güclüdürsə o da haqlıdır prinsipi hökm sürür. İndi dövlətlər öz aralarında olan məsələləri güc yolu ilə həll etməyə çalışır, çünki beynəlxalq hüquq işləmir, beynəlxalq qətnamələrə məhəl qoyan yoxdur. Azərbaycanın BMT çərçivəsində tanınmış əraziləri Ermənistan tərəfindən 30 il işğal altında qaldı, BMT və digər beynəlxalq təşkilatlar bununla bağlı ölkəmizin xeyrinə qətnamələr qəbul etsə də, beynəlxalq qanunlar işləmədi. Ona görə ölkələr öz milli təhlükəsizliklərini təmin etmək üçün öz müdafiə potensialını gücləndirir, xaricdən gələn risklərdən qorunmağa çalışır. Hər bir dövlətin milli təhlükəsizliyi dövlət üçün bir nömrəli məsələyə çevrilib. Xüsusən indiki zamanda biz bunun şahidi oluruq və görürük ki, illərdir hərbi bloklara qoşulmayan Finlandiya və İsveç kimi ölkələr öz təhlükəsizliyini qorumaq üçün bu çətirlərə daxil olur. Hətta mən deyərdim Rusiya-Ukrayna mühasibəsi başa çatandan sonra pan-Avropa məkanında öz təhlükəsizlik arxitekturalarını yenidən formalaşdırmaqla bağlı müzakirələr başlaya bilər. Çünki indi dünyada təhlükəsizliklə bağlı artıq vahid bir sistem mövcud deyil və hər bir ölkə öz milli təhlükəsizliyini özü təmin etmək haqqında düşünməyə başlayır.

Azərbaycana gəldikdə isə ölkəmiz öz milli təhlükəsizliyini özü, öz gücünu, dövlət suverenliyini və hərbisini, kəşfiyyat və əks kəşfiyyat sistemini möhkəmləndirərək qorunmağa çalışır. Cənab Prezident 7-ci çağırış Parlamentin ilk sessiyasında  da bu barədə danışdı, qeyd etdi ki, daxildə bizdə sabitlik mövcuddur. 

Lakin qeyd etmək lazımdır ki, bu gün region barıt çəlləyinə dönüb, keçmiş post-sovet məkanı, Yaxın Şərqdə münaqişələr davam edir, belə olan vəziyyətdə regionda tam sabitlik adasına çevrilmiş Azərbaycan üçün hər hansı təhdid qəbuledilməzdir. Bu baxımdan Cənab Prezident çox doğru qeyd etdi ki, belə bir vəziyyətdə sərhədlərin bağlı qalması bizim daxili sabitliyi təmin etmək və xarici təhdidlərdən qorunmaq üçün maraqlarımıza tam cavab verir. Lakin bununla yanaşı qeyd etmək lazımdır ki, biz informasiya dövründə yaşayırıq və informasiya müstəvisində ölkəmizə qarşı ideoloji hücumlar və təxribatlar ola bilər. Düşünürəm ki, bununla da ciddi mübarizə aparılmalıdır. Xüsusən indiki dönəmdə Azərbaycanın qarşısında yeni hədəflər açıldığı bir dövrdə, Ermənistan və onun havadarları tərəfindən ölkəmizə qarşı müxtəlif pozucu fəaliyyətlər həyata keçirilə bilər. Ona görə ölkənin milli təhlükəsizliyi, daxili sabitlik, xarici müdaxilələrin vaxtında dəf edilməsi dövlət suverenliyimizin qorunması baxımından çox önəmlidir. Hesab edirəm ki, Azərbaycan dövləti bu istiqamətdə kifayət qədər effektiv addımlar atır".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31