Gürcüstan Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyir - İrakli Kobaxidze

Gürcüstan Azərbaycanla Ermənistan arasındakı sülh prosesini dəstəkləyir.

Olaylar xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı deyib.

O qeyd edib ki, Gürcüstan sülhün əsas rolunu dərk edərək münaqişədən sonrakı Cənubi Qafqazı yeni imkanlar regionuna çevirmək təşəbbüsünü öz üzərinə götürüb. Baş nazir Ermənistan və Azərbaycan arasında sülh yolu ilə nizamlanma prosesinə dəstəyini ifadə edərək, qonşu ölkələrlə münasibətlərin normallaşdırılması istiqamətində səyləri xüsusilə qeyd edib.

"Biz fikir ayrılıqlarının keçmişdə qalmasını təmin etmək üçün dövlətlər arasında dialoqu və etimadı təşviq edəcək regional əməkdaşlıq formatı təklif etməyə hazırıq", - Kobaxidze vurğulayıb.

Qeyd edək ki, bu gün Nyu-Yorkda ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüşün keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu il iyulun 10-da Vaşinqtonda NATO-nun 75 illiyinə həsr olunmuş sammit çərçivəsində görüşüblər.

Tərəflər sülh sazişi üzərində işi davam etdirmək barədə razılığa gəliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31