Erməni sevdasının Amerikada xüsusi bir yeri var- ÖZƏL

"Kamala Harrisin bu bəyanatı təəssüf doğursa da, təəccüb doğurmur. Çünki erməni sevdasının Amerikada xüsusi bir yeri var və Amerika siyasətinə öz təsirlərini müəyyən dərəcədə göstərir. Xüsusən seçki ərəfəsində və Kamala Harrisin də namizəd olduğunu xatırlasaq, bunun tamamilə erməni lobbisindən gələn səsləri qazanmaq üçün atılmış bir addım olduğunu görmək mümkündür".

Bu fikirləri siyasi şərhçi Həşim Səhrablı Olaylar.az-a açıqlamasında bildirib:

"Amma bu, ümumiyyətlə Amerika siyasətinə hər zaman təsir edən fakt olub və belə olmağa davam edəcək. O ki qaldı "Dağlıq Qarabağ" ifadəsinin işlədilməsinə, bu artıq ağız alışqanlığı və yaxud vərdiş deyiləcək  və bununla izah ediləcək qədər sadə bir məsələ deyil. Burada ciddi bir qərəzdən söhbət gedir.  Amerikada hələ də bu xülyanın, bitmiş, tarixə qovuşmuş bir saxtakarlığın davam etdirilməsi və bunun siyasi bir termin olaraq istifadə edilməsi onu deməyə əsas verir ki, bəli, Azərbaycan siyasətində Amerika hələ də müəyyən qərəzlərdə qalır. Bu qərəzlərin tam həllini nə zaman tapması barədə yəqin ki, özlərində də hələ fikir formalaşmayıb. Ermənilərin qayıtmaq hüququna gəldikdə isə, Azərbaycan burada 1980-ci illərdən əvvəl, yəni, problemin yaşanmasından əvvəlki dönəmlərdə yaşamış, məskunlaşmış etnik erməniləri qovmur və ya onların geri qayıtmaq hüququnu əlindən almır. Azərbaycan tərəfi həmişə də qeyd edir ki, əgər özləri də istəyərlərsə, işğal dövründə qəsdən məskunlaşanlar yox, daha əvvəl burada yaşayan Azərbaycan vətəndaşlığını qəbul edən həmin ermənilər qayıda bilərlər. Burda təəccüblü bir şey yoxdur. Yəni bunu siyasi təzyiq vasitəsi kimi Azərbaycana qarşı istifadə etmək, əslində elə beynəlxalq hüquq prinsipləri baxımından da uyğun deyil, qərəzli bir addımdır. Bütün bunlar əlbəttə ki, Azərbaycanın  Amerika siyasətinə öz mənfi təsirini göstərəcək. Çünki Azərbaycan, əlbəttə, öz suverenliyinin zədələnməsinə və onun haqlarına qarşı çevrilmiş bu kimi addımlara isti baxa bilməz və ya səssiz qala bilməz. Düzdür, bu Amerika ilə münasibətləri tam kəsib atmaq da demək olmayacaq və belə etmək də lazım deyil. Amma istənilən halda Azərbaycan tərəfi də yəqin ki, artıq öz xarici siyasətində onunla münasibətlərə nə dərəcədə önəm verdiyini əsas alaraq, növbəti addımlarını o şəkildə şaxələndirəcək".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31