Bu, bütün regionun təhlükəsizliyinə təhdiddir... ÖZƏL

"Ötən gün ölkə başçısı prezident İlham Əliyevin Milli Məclisdə çıxışı oldu və bu çıxışda Prezident İlham Əliyev Azərbaycanın qarşısında duran əsas vəzifələri sadaladı ki, bunların arasında sərhədlərin mühafizəsi və möhkəmləndirilməsi yer almaqdadır. Xüsusi olaraq Prezident vurğuladı ki, Ermənistandan beş kilometrlik sərhədin mühafizəsi bu gün böyük önəm kəsb edir. Bunun da əsas səbəbləri ondan ibarətdir ki, birincisi, Ermənistan baxmayaraq ki, bir tərəfdən sülhdən danışır, digər tərəfdən intensiv şəkildə silahlanır. Bu da sülh ritorikasına ziddir və aydın məsələdir ki, Ermənistanın silahlanması Azərbaycanda bununla bağlı əks təhlükəsizlik tədbirlərinin gücləndirilməsini şərtləndirir ki, bunların da sırasında Ermənistanla olan şərti sərhədin mühafizəsinin möhkəmləndirilməsi dayanır". 

Bu fikirləri siyasi şərhçi Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:

"İkinci bir fakt ondan ibarətdir ki,  Ermənistandan Azərbaycan istiqamətində vaxtaşırı, şərti sərhəd boyunca provokasiyalar həyata keçirilir. Üçüncüsü, bu gün heç kimə sirr deyil ki, Qərbin müəyyən dairələri Fransa başda olmaqla Ermənistandan bir plasdarm kimi istifadə edərək Cənubi Qafqazdakı məkrli planlarını reallaşdırmaq niyyətindədirlər və bu da sözsüz ki, bütün regionun və Azərbaycanın da təhlükəsizliyinə təhdid törədir. Amma digər tərəfdən yalnız Ermənistanla deyil, bu gün bütün qonşularla sərhədlərin möhkəmləndirilməsi vacibdir. İndiki geosiyasi konteksti nəzərə alsaq, bilirsiniz ki, dünyanın əksər yerlərində, Ukraynada, Yaxın Şərqdə müharibə getməkdədir. Dünyanın əksər yerlərində münaqişə ocaqarı mövcuddur. Müharibənin və münaqişələrin çoxluğu terror təhdidi, kütləvi miqrasiya axını təhdidi-bunların hamısını aktuallaşdırır ki, bunların fonunda sərhədlərin möhkəmləndirilməsi zərurətə çevrilməkdədir. Biz bilirik ki, Qərb dairələri Cənubi Qafqazda, həm də özünün gizli emissarları casusları vasitəsilə fəaliyyət göstərərək öz məqsədlərini reallaşdırmağa çalışırlar. Yəni, Fransanın casus şəbəkəsi ötən il Azərbaycanda aşkarlandı. Bu kimi halların qarşısının alınması üçün də sərhədin möhkəmləndirilməsi zəruridir. Bu baxımdan hər bir ölkənin dövlətçiliyinin, müstəqilliyin möhkəmlənməsi üçün onun sərhədlərinin müalicəsi xüsusi əhəmiyyət kəsb edir ki, indiki halda bunun aktuallığı daha da artmaqdadır.
Prezidentin son toxunduğu məqama gəlincə ki, Ermənistan və onun arxasında duran ölkələr bilməlidir ki, Azərbaycanla şantaj və ultimatum dilində danışmaq olmaz. Çünki istənilən cavabı verməyə Azərbaycan hazırdır. Yəni aydındır ki, Ermənistan hər nə qədər silahlansa da, Azərbaycan hərbi cəhətdən ondan dəfələrlə qüvvətlidir. Həm canlı qüvvə ehtiyatı baxımından, həm texnika baxımından, həm oradakı mənəvi ruh baxımından biz Ermənistanı qat-qat üstələyirik. Azərbaycanda Ermənistanın ərazisindəki istənilən hərbi obyekti vura biləcək silahlar mövcuddur. Və sözsüz ki, əgər Ermənistan Azərbaycana təhdid törədəcək addımlar atarsa, yəni Azərbaycanı hədəfləyəcək, raket və s. texnika alarsa və bununla bağlı Azərbaycan öz ərazi bütövlüyünə ciddi bir təhdid görərsə, həmin addımı o zaman Ermənistana lazımi cavabı verməyə hazırdır. Bununla bağlı hətta beynəlxalq hüququn da özünümüdafiə haqqında maddəsi var. BMT-nin Nizamnaməsinin 51-ci maddəsi deyir ki, hər bir ölkə özünü müdafiə haqqına malikdir ki, Ermənistanın potensial hücumunu önləmək üçün Azərbaycan da bu haqqa sahibdir. Buna həm də preventiv hücum və ya preventiv tədbirlər deyirlər".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31