Azərbaycan və Belarus FHN rəhbərləri V “ADEX” sərgisində olublar

Sentyabrın 24-də Belarus Respublikasının fövqəladə hallar naziri daxili xidmət general-mayoru Vadim Sinyavski ölkəmizə rəsmi səfərə gəlib.

Bu barədə Olaylar-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Məlumata görə, səfər çərçivəsində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Belarusun fövqəladə hallar naziri Vadim Sinyavski Bakıda təşkil olunmuş "ADEX" 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin açılış mərasimində iştirak edib, sərgi ilə yaxından tanış olublar.

Bildirilib ki, Azərbaycanda və regionda müdafiə sənayesi və təhlükəsizlik sahəsində mühüm hadisə olan "ADEX" sərgisi qabaqcıl texnologiyaların təqdimatı, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və ölkənin müdafiə sənayesinin inkişafı üçün effektiv platforma rolunu oynayır. Sərgidə müxtəlif ölkələrin çoxsaylı şirkətləri təmsil olunur.

Qeyd edək ki, 24-26 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində regionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tədbir olan 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə "ADEX" sərgisi keçirilir. Paralel olaraq, 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları "Securex Caspian" sərgisi də təşkil edilib. İlk "ADEX" sərgisi 2014-cü ildə təşkil edilib. İki ildən bir keçirilən sərgi bu il 5 illik yubileyini qeyd etsə də, artıq 10 ildir ki, fəaliyyət göstərir və ildən-ilə iştirakçı siyahısını və əhatə etdiyi sektorları genişləndirir.

Sərgi 10 illik uğurlu fəaliyyəti ərzində dünyanın 50-dən artıq ölkəsini təmsil edən çoxsaylı şirkəti və 200-ə yaxın rəsmi nümayəndə heyətini bir araya gətirib. Bu illər ərzində sərgini 30000-dən çox qonaq ziyarət edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31