Elçin Xalidbəyli: Azərbaycan Qərbin məkrli planlarını bloklayır və ideoloji hücumlara cavab verir- ÖZƏL

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisdəki nitqində heç bir nəticəsi olmasa da, Azərbaycana qarşı ideoloji təxribatların davam etdiyini bildirdi. "Bu təxribatlara qarşı xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır",-deyə İ.Əliyev əlavə edib. 

Məsələni Olaylar.az-a şərh edən siyasi şərhçi Elçin Xalidbəyli qeyd edir ki, ABŞ və Qərbin Azərbaycana qarşı təzyiqləri, ideoloji təxribatları hələ uzun müddət davam edəcək.

"Bunun səbəbi odur ki, rəsmi Bakı Qərbin Cənubi Qafqazdakı bütün məkrli planlarını pozub, "erməni layihəsini" məhv edib.  Artıq ABŞ və Qərb Cənubi Qafqazda "erməni layihəsi" kimi Qərbə sərfəli projedən istifadə edərək burada geopolitik maraqlarını reallaşdırmaq şansını tamamilə itirib, ona görə də Qərbdə Azərbaycana qarşı qəzəblidirlər. Ermənistanı silahlandıraraq situasiyanı əvvəlki vəziyyətinə qaytarmaq cəhdləri göstərilsə də, rəsmi Bakının qətiyyətli, prinsipial reaksiyası, müqavimət potensialı Qərbin bütün məkrli planlarının bloklanmasına tamamilə imkan verir. Hazırda Azərbaycan Qərbin ideoloji təxribatlarına həm diplomatik sahədə uğurla cavab verir, onları zərərsizləşdirir, həm də ideoloji mübarizə sahəsində Azərbaycan öz imkanlarını genişləndirir və cavab zərbələri endirməkdən çəkinmir. Fransanın təxribatlarına rəsmi Bakının verdiyi reaksiyanı buna misal göstərmək olar. Çünki Azərbaycanı uydurma ittihamlarla hədəfə alan Fransaya qarşı rəsmi Bakı olduqca dəqiq mübarizə metodu seçməyi bacarıb. Bu da ondan ibarətdir ki, bütün dünyaya Fransanın müstəmləkəçilik siyasəti ifşa olunaraq təqdim olunur. Fransanın maskası yırtılır, iç üzü açılıb bütün dünyaya göstərilir. Fransanın hazırda çətin vəziyyətə düşməsinin əsas səbəblərindən biri də rəsmi Bakının bu sahədə göstərdiyi dəqiq hesablanmış fəaliyyətdir. Ona görə də nə ABŞ-nin, nə Avropa Birliyinin, nə də Fransanın Azərbaycana qarşı məkrli oyunlarının hansısa nəticə verəcəyi qətiyyən inandırıcı görünmür".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31