Prezidentin açıqladığı milli təhlükəsizlik prioritetləri: Bölgədə artan hərbi büdcələr və təhlükələr- ÖZƏL
24 Sentyabr 2024 11:26 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisdəki nitqində beynəlxalq hüquq anlayışının tamamilə sarsınmasını, İkinci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturasının iflasa uğradığını bildirib. Bəs, Azərbaycan bu yeni vəziyyətdə milli təhlükəsizliyini necə təmin etməlidir?
Məsələni Olaylar.az-a şərh edən siyasi şərhçi Əziz Əlibəyli qeyd edir ki, təhlükələr artan dinamika ilə inkişaf edir:
"Şübhə yoxdur ki, bu, Azərbaycanın hərbi xərclərinin artmağında, hərbi büdcənin təsdiqində də ilbəil öz sözünü deyir. 2020-ci illə müqayisədə bizim hərbi büdcəmiz 2.2 milyard ABŞ dolları idisə, 2023-cü ildə bu 3.1 milyard ABŞ dollarına bərabər oldu. Paralel şəkildə Ermənistanın büdcəsi də 2024-də 1 milyard dollar civarına çatdı. Gürcüstan Ermənistandan kifayət qədər böyükdür, daha çox resursu var, amma onun hərbi büdcəsi Ermənistanın hərbi büdcəsinin yarısı qədərdir".
Siyasi şərhçi Qafqaza aid olan Azərbaycan, Ermənistan, Türkiyə, Gürcüstan, İran, Rusiyada hərbi büdcələrin 2 dəfə artdığını vurğulayıb:
"Məsələn Rusiyanın hərbi büdcəsi 2023-də 90 milyard ABŞ dollarına bərabər oldu, halbuki 2020-də 60 milyard ABŞ dolları idi. Türkiyəni götürsək, 2020-də 20 milyard idi, indi 26 milyardı keçib. 2020-ci ildə İranın hərbi büdcəsi 15 milyard dollar idi, amma 2023-cü ildə 25 dollar oldu. Bu silahlanma yarışının getdiyini göstərən birinci dinamikadır. İkincisi, əlbəttə ki, İranın cənub bölgə savaşları, Türkiyənin təhlükəsizlik arxitekturasına zərbələr, Gürcüstanın daxili problemləri, Ermənistanın revanş ab-havası, bölgədə artan Qərb təzyiqi və onun paralelində Fransa ilə Hindistanın yeni müharibə tərəfdarı kimi çıxış etməsi və bu çıxışda konkret olaraq silahlandırma sahəsində əməli addımlar atmasıdır. Prezident İlham Əliyev də qeyd edir ki, təhlükəsizlik arxitekturası dünyada öz mövqeyini nə qədər başqa ölkələrə veribsə, amma Qafqazda da belədir. Ona görə Azərbaycan ilk növbədə güclü ordunu inşa etməyə davam etməlidir. Güclü ordu ilə yanaşı güclü hərbi infrastrukturun da qurulması Azərbaycanın prioritetidir. Şübhə yoxdur ki, Prezident üçüncü vəzifə kimi də preventiv siyasi davranışı müəyyən etdi. Azərbaycan onun milli təhlükəsizliyinin təhdidi olacaq hər bir təhlükəni yerində zərərsizləşdirmək iradəsini saxladığını bəyan edir."
Qiymət Mahir