Özbəkistan və Azərbaycan arasında qısa vaxtda möhkəmlənən media əlaqələri nümunəvi səciyyə daşıyır - Əhməd İsmayılov

Azərbaycan Respublikası ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında müxtəlif sahələrdə olduğu kimi media sahəsində də ikitərəfli əməkdaşlığın inkişafına, birgə layihələrin həyata keçirilməsinə, təcrübə mübadiləsinin aparılmasına böyük önəm verilir. Bu baxımdan qardaş Özbəkistan Respublikası ilə qısa vaxtda möhkəmlənmiş media əlaqələrimiz nümunəvi səciyyə daşıyır.

Olaylar xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan Media Forumunun rəsmi açılış mərasimində çıxışı zamanı deyib.

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin güclü siyasi iradəsinin nəticəsində ölkələrimiz arasında daha da möhkəmlənmiş qardaşlıq münasibətləri, regionlarımızın inkişafına ciddi töhfə vermiş intensiv əlaqələr media sahəsi də daxil olmaqla, bütün sahələrə öz dinamik təsirlərini göstərməkdədir. Hər iki ölkə liderlərinin qarşılıqlı səfərləri türk dövlətləri arasında əlaqələrin və strateji tərəfdaşlığın inkişaf etdirilməsi baxımından mühüm tarixi hadisədir. Bu səfərlər, habelə səfər çərçivəsində imzalanan sənədlər Azərbaycan və özbək xalqları arasında dostluğun, qardaşlığın əyani təzahürüdür.

Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin bu ilin avqust ayında Özbəkistana rəsmi dövlət səfəri müstəsna əhəmiyyətə malik olmaqla, münasibətlərimizin yeni tarixi mərhələsinin əsasını qoymuşdur. Belə ki, səfər çərçivəsində 23 avqustda "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə" imzalanmış, iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq olmuşdur. Müttəfiqliq münasibətləri öz növbəsində media sahəsində qarşılıqlı əməkdaşlığın inkişafına və fundamental layihələrin icrasına ciddi təkan verməkdədir.

Bizim ortaq dəyərlərimiz və bir-birini tamamlayan məqsədlərimiz əlaqələrimizi gücləndirməklə yanaşı, cəmiyyətlərimizi informasiya ilə təmin etmək kimi vacib funksiyanı yerinə yetirən medianın fəaliyyətində də canlanma yaratmış, ölkələrimizin jurnalist ictimaiyyətlərinin daha sıx və peşəkar münsibətlərinin qurulmasına dinamik ruh vermişdir.

Ölkələrimiz arasındakı strateji münasibətlərin artan tempindən ruhlanan media orqanları öz işlərini bu əlaqələrin ruhuna uyğun quraraq xalqlarımızın mənəvi dəyərlərini təbliğ etmək, dövlət maraqlarımızı, o cümlədən daxili informasiya mühitini dezinformasiyalardan qorumaq üçün media etikası və prinsiplərinə söykənən peşəkar fəaliyyət göstərməkdədir.

Bu baxımdan birgə media foruma qatılan dəyərli ekspertlərin, media menecerlərinin, jurnalistlərin düşüncələri, panel müzakirələrdəki fikirləri gələcək fəaliyyətimizin istiqamətlərini müəyyənləşdirmək, praktik əhəmiyyət daşıyan əməkdaşlığımızı gücləndirmək üçün olduqca önəmlidir.

Azərbaycan və Özbəkistan yerləşdikləri geostrateji mövqelərinə, habelə zəngin intellektual potensialına və tarixi ənənələrinə görə Cənubi Qafqaz və Mərkəzi Asiyada gedən ictimai-siyasi proseslərə, elmi-mədəni inkişafa təsir göstərmək gücünə malikdir.

Bizim dərin tarixi köklərə malik, qardaşlıq telləri ilə mənəvi harmoniya yaratmış türk dünyasının tərkib hissəsi olmağımız münasibətlərimizin daha da dərinləşməsinə öz səmimi impluslarını vermişdir.

Bildiyiniz kimi, Türk Dövlətləri Təşkilatı fəaliyyətə başladığı gündən davamlı olaraq inkişaf edir və etimad qazanır. Təşkilat türk dünyası daxilində qarşılıqlı etimadın, siyasi həmrəyliyin, iqtisadi əməkdaşlığın təşviqində, mədəni irsin qorunub saxlanmasında mühüm rol oynayır.

Azərbaycan Respublikası ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında müxtəlif sahələrdə olduğu kimi media sahəsində də ikitərəfli əməkdaşlığın inkişafına, birgə layihələrin həyata keçirilməsinə, təcrübə mübadiləsinin aparılmasına böyük önəm verilir. Bu baxımdan qardaş Özbəkistan Respublikası ilə qısa vaxtda möhkəmlənmiş media əlaqələrimiz nümunəvi səciyyə daşıyır.

Özbəkistan Respublikası ilə media sahə üzrə əməkdaşlıq çərçivəsində gördüyümüz işlərə və perspektiv planlarımıza bəhs etməyə keçməzdən əvvəl vurğulamaq istərdim ki, media müstəvisində əlaqələrimizin möhkəmlənməsi mənəvi dəyərlərimizin qorunmasına töhfə verməklə yanaşı, həm də sürətli texnoloji dəyşikliklər mərhələsində zamanın tələbi kimi qarşımızda dayanır", - deyə Ə.İsmayılov bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31