Prezident İlham Əliyev Türkiyə–Azərbaycan Universitetinin fəaliyyəti ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev Türkiyə-Azərbaycan Universitetinin fəaliyyəti ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında sərəncam imzalayıb.

Olaylar xəbər verir ki, sərəncama əsasən, Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətinə cəlb edilən Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarının nəticələri əsasında tələbə seçimini müstəqil aparmaq hüququ verilib.

Müəyyən edilib ki, Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətinə cəlb edilən Azərbaycan Respublikasının ali təhsil müəssisələri:

tətbiq etdikləri Türkiyə Respublikasının müvafiq ali təhsil müəssisələrinin təhsil proqramlarını həmin ali təhsil müəssisələri ilə birgə idarə etmək hüququna malikdirlər;

maddi-texniki baza imkan verdiyi hallarda Türkiyə-Azərbaycan Universiteti üçün müəyyən edilmiş dövlət hesabına təhsilalanların sayından artıq ödənişli əsaslarla da tələbə qəbulu apara bilərlər.

Azərbaycan Respublikasının Nazirlər Kabineti Türkiyə-Azərbaycan Universitetində dövlət hesabına təhsil alan tələbələrin sayını hər tədris ili üçün müəyyən etməli, Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətinə cəlb edilən ali təhsil müəssisələrinin maddi-texniki bazasının təşkili və əməliyyat xərclərinin maliyyələşdirilməsi məsələlərini həll etməli, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31