Paytaxtın Bakıdan köçürülməsi ilə bağlı yeni təklif – Türkiyə modeli

Paytaxt Bakı günbəgün böyüyür. Lakin bu proses çox sürətli və plansız gedir. Nəticədə böyümə ilə ayaqlaşa bilməyən nəqliyyat infrastruktur və digər bazalarda problemlər üzə çıxır. Bir çox ekspert paytaxtın sürətlə böyüməsi və əhali axınını əsas gətirərək bu təklifi verir: "Gəlin, paytaxtı dəyişək!" Hətta ehtimal yeni paytaxt kimi Gəncə, Yevlax, Kürdəmir, Xankəndinin adını çəkənlər var.

Paytaxtın dəyişdirilməsi dünya praktikasında var. Adətən bu kimi təkliflər ya təbii fəlakətlər, ya da digər ərazinin inkişafı üçün irəli sürülür.

Bakı coğrafi mövqeyinə görə bir çox təbii fəlakətlərdən sığortalanıb. Bu baxımdan paytaxt kimi əlverişli yerdədir. Digər tərəfdən, Bakı istər regionda, istərsə də tariximizdə mühüm mədəni, siyasi mərkəz olub. O mənada paytaxtın Bakıdan başqa şəhərə köçürülməsi effektiv variant deyil.

Lakin bu da bir reallıqdır ki, paytaxt əhalisinin sayını azaltmaq olmur. Amma yeni gələcək insanların qarşısını almaq mümkündür. Bunun üçün Bakıya axının iki əsas səbəbinə baxmaq lazımdır:

1.Təhsil;

2.İş imkanı.

Aydın məsələdir ki, insanlar Bakıya işləmək və ya oxumaq üçün gəlirlər. Bu il ölkə tarixində rekord sayda gənc tələbə adını qazanıb. Bu, sevindirici hal kimi qiymətləndirilsə də, fəsadları da var.

Bu günlərdə yəqin ki, hər kəs metro, avtobuslardakı sıxlığa şahid olur. Son günlər isə xüsusilə metrolarda ya vaqon nazas olur, ya qatarlar xəttə gec buraxılır, ya da ümumi bəhanələrlə gecikmələr olur. Bakı Metropoliteni bu və bu kimi fors-major hallara hazırlıqlı olmalı idi. Xüsusilə də paytaxtda COP29-la bağlı işlərin getdiyini nəzərə aldıqda... Görünür, lazımi tədbirlər görülməyib.

Lakin dəyişməz bir reallıq var ki, Bakıya tələbə axını olduqca paytaxt günbəgün böyüyəcək və şar kimi şişəcək. Və unutmayaq ki, hər şar bir yerdən sonra partlayır.

Əslində, proses çox sadədir. Tələbə oxumaq üçün Bakıya gəlir, daha sonra burada tanış olduğu yaşıdı ilə evlənir, qalıb işləyir və beləcə paytaxt yeni bir gənc ailəyə sahib olur.

Bu və bu kimi problemlərdən xilas yolunu paytaxtı dəyişməkdə görənlər isə unudur ki, qonşuluğumuzdakı bir ölkə paytaxtı dəyişsə də, bu problemlərlə üzləşirdi. Söhbət Türkiyədən gedir. Bu gün paytaxt Bakının üzləşdiyi vəziyyətlə ötən əsrin 50-ci illərindən başlayaraq 2000-ci illərə qədər İstanbul üzləşib. Paytaxt Ankara olmasına baxmayaraq, İstanbul şəhəri həm təhsil, həm də iş yeri üçün insanı özünə cəlb edib.

Türkiyə 2000-ci illərdən başlayaraq regionlarda ali təhsil müəssisələrinin sayını artırdı. Bu həm dövlət, həm də özəl təhsil müəssisələrinə aid idi. Beləcə tələbələr artıq İstanbula deyil, həm də regionlara axışdı. Hesab edirəm, eyni təcrübəni biz də həyata keçirə bilərik.

Bakının əhali yükünü azaltmaq üçün bəzi təhsil müəssisələrini regionlara köçürmək olar. Hər halda universitetin yerini dəyişmək paytaxtı dəyişməkdən daha qısa müddətə və az xərcə başa gələr.

Məsələn, Pedaqoji Universiteti Qazaxa, Turizm Universitetini Quba, Lerik və ya Zaqatalaya, Neft və Sənaye Universitetini Sumqayıta, İqtisad Universitetini Ağdama, Mədəniyyət İncəsənət Universitetini Şuşaya köçürmək olar.

Universitetlər regiona köçürüləcəyi üçün tələbələr həmin regionlara gedəcək. Belə olan halda onların qalması üçün yataqxana və mənzilə ehtiyac olacaq. Bu isə tikinti şirkətlərinin regionlara yönəlməsinə səbəb ola bilər. Bundan başqa, həmin tikintilərdə işləmək üçün işçi qüvvəsi də regionlarda qalacaq. Tələbələrin asudə vaxtını keçirməsi üçün əyləncə mərkəzləri, iaşə obyektləri lazım olacaq ki, bu da həm regional sahibkarlığın inkişafına, həm də investorların bura diqqət ayırmasına səbəb ola bilər.

Bu mənim təklif etdiyim həll yoludur. İndi sualım budur: paytaxtı dəyişək, yoxsa universitetlərin yerini?

Turan Rzayev

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31