Qarabağ ermənilərinin Azərbaycandan gedişini planlayanlar indi planlarını girova çeviriblər- ÖZƏL
23 Sentyabr 2024 12:36 Siyasət"Kanadanın xarici işlər nazirinin bəyanatı həddini aşmaq kimi qiymətləndirilməlidir. Belə ki, mövcud olmayan "Qarabağ problemi"ndən danışmaqla Qarabağdan könüllü getmiş ermənilərin geri qayıdışını tələb etmək, onların öz müqəddəratını təyin etmək hüququndan danışmaq Kanadanın, ümumiyyətlə, Kollektiv Qərbin ikiüzlü, iyrənc sifətini bir daha ortaya qoydu".
_(1)_(2)_(1).jpg)
Bu fikirləri siyasi şərhçi Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:
"1988-ci ildən başlayan erməni separatizmini açıq şəkildə dəstəkləyən bu dövlətlər heç bir halda Ermənistandan qovulmuş və etnik təmizləməyə məruz qalmış azərbaycanlıların hüquqları ilə bağlı bu günə qədər bir kəlmə də kəsməyiblər. Azərbaycan ərazilərinin 20 faizinin işğalda olduğu dövrlərdə işğal faktı ilə və reallıqları qəbul edərək ərazilərdən imtina etməyə çağırış etməklə faktiki olaraq erməni işğalını dəstəkləyən qüvvələr bu gün yenidən fəallaşmağa çalışırlar. Onlar Azərbaycanın yaratdığı reallığı qəbul etmədiklərindən məhz bu cür addımlar atırlar. Amma anlamalıdırlar ki, Azərbaycanın iradəsi yetəri qədərdir və onlar Azərbaycanın mövqeyini dəyişdirə bilməzlər. Qarabağ ermənilərinin hüququndan, geri dönüşündən danışanlar paralel olaraq Qərbi azərbaycanlıların da ləyaqətli şəkildə təhlükəsizlik şəraitində öz yurd-yuvalarına qayıtmaları məsələsini də danışmalıdırlar. Əgər danışmırlarsa, bu o demək deyil ki, bu problem kənarda qalır. Azərbaycan məhz bu məsələni önə çıxarmaqla onları bu mövzuda da müzakirələr aparmağa məcbur edəcək. Yəni, Qarabağ ermənilərinin Azərbaycandan gedişini planlayanlar indi əslində, öz planlarını girova çeviriblər. Nəzərə almalıdırlar ki, əgər Qarabağ erməniləri məsələsi gündəmə gətirilirsə, eyni zamanda, Qərbi azərbaycanlılar da gündəmdə olacaq və bu gündəm dəyişməyəcək".
Zeynəb Rzayeva