Xalq-iqtidar-ordu birliyi tarixi Zəfərimizin əsas formuluna çevrildi- ÖZƏL
20 Sentyabr 2024 12:25 Siyasət"44 günlük Vətən müharibəsində olduğu kimi, antiterror əməliyyatları nəticəsində ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevi dəstəklədiklərini bəyan etdilər". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib: "Bu barədə 23 siyasi partiya tərəfindən birgə Bəyanat qəbul olundu. Azərbaycanın siyasi partiyaları cənab İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması üçün həyata keçirdiyi siyasəti və verdiyi hərbi əmri dəstəklədiklərini, onun ətrafında sıx birləşdiklərini bəyan etmişdilər.
Azərbaycanın Zəfər tarixi ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpası ilə yekunlaşdı. Bu gün Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəran və digər işğaldan azad edilmiş rayonlarda üçrəngli dövlət bayrağımız qürurla dalğalanır. Beləliklə, Prezident İlham Əliyevin Liderliyi ilə Azərbaycan yeni şanlı tarix yazdı".
Alim Hüseynli
Olaylar.az