Müstəqil Azərbaycanın hər qarışı artıq bir ildir ki, bütövdür, suverendir- ÖZƏL
20 Sentyabr 2024 11:35 Siyasət""Müstəqil Azərbaycanın hər qarışı artıq bir ildir ki, bütövdür, suverendir" kəlməsi necə möhtəşəm səslənir". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü Əfsun Sucayev deyib: "Biz həmişə bu sözlərin nə vaxt dilə gətiriləcəyinə belə tam əmin deyildik. İnanmırdıq ki, Qarabağın dağlıq hissəsini və ona bitişik 7 rayonu bizdən zorla alıb erməniyə verən güclər yenidən tarixi torpaqlarımızın geri qayıtmasına imkan verərlər. İşləri-gücləri 30 ilə yaxın idi ki, "sülh danışıqları" adı, əslində isə "qərb nağılları" ilə bizi, haqq tərəfini yola verirdilər. Ümid edirdilər ki, indiki nəsil baş verənləri unutsa, yaratdıqları yalançı reallığı gələcək nəsillərlə daha rahat qəbul etdirə bilərlər. Bundan şirniklənən ermənilər və onların Qarabağdakı separatçı başları həyassızlığın ən üst mərtəbəsinə qalxaraq, oradan Azərbaycanı "yeni müharibə - yeni ərazi" iddiaları ilə açıq təhdid etməyə başlamışdılar. Ta ki, buna bədnam qonşularımızın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində "Dənizdən-dənizə Böyük Ermənistan" mifini darmadağın etməklə və son 200 ildə ilk dəfə bu böyüklükdə tarixi Zəfərə imza atmaqla son qoyduq. Lakin Azərbaycan öz torpaqlarını 30 illik işğaldan azad etsə də, suverenliyin tam bərpası mümkün olmamışdı. Ələlxüsus terror yuvasına çevrilən Xankəndidə seperatizmin kökü kəsilməmişdi. Orada və ətraf rayonlarda olan Qarabağın erməni vətəndaşlarına "müstəqillik", "muxtariyyət" və sair kimi xam xəyallardan imtina etmək və Azərbaycan pasportunu almaq şərti ilə qalıb yaşamalarına son şans verildi. Bədbəxt millət bu şansı da dəyərləndirə bilmədi".
Alim Hüseynli
Olaylar.az