Azərbaycanın dünya birliyi ilə inteqrasiyası özünün yeni bir mərhələsinə daxil olub

İstiqamət: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;

"Azərbaycanın dünya birliyi, beynəlxalq təşkilatlarla inteqrasiya siyasəti Vətən müharibəsindən və antiterror tədbirlərindən  sonra prinsipcə özünün yeni bir mərhələsinə daxil olub".
Bunu Olaylar-a açıqlamasında siyasi ekspert  Aydın Quliyev deyib.
"Əslində, bu inteqrativ siyasət Azərbaycan üçün bütün müstəqillik dövrünə xas olan siyasi fəaliyyətdir, xarici siyasətimizin mühüm istiqamətlərindən biridir.  Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hələ davam etdiyi dövrdə bir tərəfdən bu münaqişənin həllinə cəhd edildiyi, o biri tərəfdən Ermənistanın və dostlarının dünyada apardığı iş nəticəsində beynəlxalq münasibətlərdə və dünya təşkilatlarında o qədər də əlverişli olmayan bir manevr vəziyyətinə salınmışdı. Buna baxmayaraq, Azərbaycan həmişə öz xarici siyasətində, dünya dövlətləri ilə və beynəlxalq təşkilatlarla istər region miqyasında, istərsə də qlobal miqyasda olsun, hərtərəfli, dərin inteqrasiya prinsiplərindən heç zaman geri çəkilməyib.
Ancaq Vətən müharibəsindən sonra tamamilə yeni bir dövr açıldı və bu dövrdə Azərbaycanın beynəlxalq inteqrasiya siyasəti özünün iki əsas motivi ilə diqqəti cəlb edir. Bu motivlərdən birincisi ondan ibarətdir ki, Azərbaycan artıq öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş, dünyada XX əsrin ən gənc, müstəqil dövlət olaraq, suverenliyini tam bərpa edərək dünyada mövqeyini gücləndirmiş bir dövlət kimi artıq inteqrasiya proseslərinə girdi. Əgər Azərbaycan dünya dövlətlərinin və bəzi beynəlxalq təşkilatların nəzərində öz ərazi bütövlüyünü qoruya bilməyən, məğlub bir ölkə kimi inteqrasiya proseslərinin içində görünürdüsə,  Vətən müharibəsində və antiterror tədbirlərindən  sonra Azərbaycanın statusu artıq dəyişdi. Bu, rəsmi status deyildi. Bəzi dünya dövlətlərinin və beynəlxalq təşkilatların məhz Ermənistanın təcavüzkar siyasətinə bəslədikləri riyakar münasibəti və siyasətin nəticəsində Azərbaycana yapışdırılmış qeyri-rəsmi bir status idi, məğlub ölkə statusu. Azərbaycan artıq öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş, güclü dövlət kimi inteqrasiya proseslərinə girdi ki, bunun da effekti 2020-ci ilə qədərki siyasətin, xarici siyasətin effektlərindən çox böyük idi.
İkinci tərəfdən Vətən müharibəsindən və antiterrordan əməliyyatından sonra dünya, erməni lobbisi və Ermənistan Azərbaycanı bir növ dünyada təcrid vəziyyətinə salmağa çalışırdılar və bunun üçün istifadə etdikləri əsas arqument Azərbaycanın guya  Qarabağdan erməniləri güclə deportasiya etməsindən ibarət idi. Azərbaycan antiterror tədbirlərindən  sonra dünyada inteqrasiya siyasətinin meyillərini daha da gücləndirməklə, eyni zamanda ikinci motivi ortaya qoymalı oldu ki, bu da Ermənistanın bizim ölkəmizi təcrid vəziyyətinə salmaq siyasətinin iflasa uğradılmasından ibarət idi.
Deyək ki, hər iki istiqamətdə Azərbaycanın böyük uğurları var. Yəni həm artıq güclü bir dövlət kimi inteqrasion proseslərdə öz gücünün mövqeyini nümayiş etdirir, həm də Ermənistanın Azərbaycanı təcrid vəziyyətinə salmaq siyasətinin əsaslarını sarsıtmaq yönümündə öz böyük nəticələrini və uğurlarını ortaya qoyur. Uğurlar həqiqətən böyükdür. Həm regional miqyasda, həm də qlobal miqyasda Azərbaycanın müxtəlif dövlətlərlə, beynəlxalq təşkilatlarla inteqrasiyası yönümündə böyük nəticələr var. Faktdır ki, məsələn, bizim bölgəmizdə bu gün Azərbaycan region dövlətlərinin hər hansı birindən daha üstün təsirli rola malikdir. Mərkəzi Asiya ölkələri ilə inteqrasiya, türk dövlətləri ilə inteqrasiya, bizim Cənubi Qafqaz bölgəsində ideyası və fundamenti yeni qoyulmuş formatlar çərçivəsində inteqrasiya cəhdləri bizim bugünkü reallıqlarımızdan biridir. Azərbaycan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin birləşməsində, kəsişməsində yerləşən bir uşaq ölkəsi olaraq iqtisadi, siyasi, ticarət, investisiya, humanitar, mədəni əlaqələr müstəvisində demək olar ki, çox yüksək inteqrasiya meylləri və nəticələri ortaya qoyub. Eləcə də, Azərbaycanın Avrasiya məkanında enerji, iqtisadi və ticarət münasibətlərində oynadığı üstün rol qlobal məkanda Azərbaycanın rolunu və əhəmiyyətini artırır.
Faktdır ki, bu gün qalib bir ölkə olaraq ölkəmizin həm qoşulmayan ölkələr hərəkatında böyük nüfuzu və təsiri var. Dünyanın müxtəlif kontinental təşkilatlarında Azərbaycanın sözü var. Məsələn, Ərəb ölkələri Liqasında, Afrika Birliyi Təşkilatında, Şanxay Əməkdaşlıq Təşkilatında, BRİKS-də və digər təşkilatlarda artıq Azərbaycanın sözü və mövqeyi arzuolunan bir mövqeyə çevrilib. Xüsusilə də son vaxtlar Şanxay Əməkdaşlıq Təşkilatında və BRİKS-də Azərbaycanın göstərdiyi nəticələr müharibədən sonrakı ən böyük uğurlar sayıla bilər. Bu gün Şanxay Əməkdaşlıq Təşkilatının Azərbaycan artıq müşahidəçi statusunda qəbul olunmaq üçün müraciət edib. BRİKS təşkilatında statusu almaq üçün Azərbaycanın rəsmi müraciəti var. Hansı ki, bunlar dünyanın bu gün böyük gücə malik olan iqtisadi yönümlü təşkilatları sayılır ki, Azərbaycanın bu təşkilatlarda təmsilçiliyi təkcə özünə faydalı deyil. Eyni zamanda, həmin beynəlxalq təşkilatların da gücünün, nüfuzunun, sanbalının artmasında önəmli istinad nöqtəsidir.
Azərbaycanın beynəlxalq təşkilatlarla inteqrasiya prosesində bizim ənənəvi olaraq rast gəldiyimiz çətinliklər, təəssüf ki, qalır. Bunlar bəzi siyasi, geosiyasi reallıqlara söykənən beynəlxalq təşkilatların hələ də Azərbaycana münasibətlərinin dəyişməməsidir. Məsələn, Avropa təşkilatlarından, Avropa Birliyi, AŞPA, ATƏT-in müxtəlif strukturlarında biz Azərbaycana qarşı seqreqasion, yəni, seçmə, aşağılama, tendensiyasının hələ də şahidi oluruq. Amma Azərbaycan bu təşkilatlarla da özünün prinsipial, inteqrasion siyasətini davam etdirir. Bir tərəfdən bu təşkilatların Azərbaycana seqreqasion münasibətlərinin perspektivsiz və nəticəsiz olduğunu dünyada göstərməklə siyasətini davam etdirir. İkinci tərəfdən isə, Azərbaycanda daha bərabərhüquqlu, daha hörmətli və şərəfli nöqteyi - nəzərdən yanaşan dünya iqtisadi, ticarət yönümlü beynəlxalq əməkdaşlıq formatları ilə öz işini daha da intensivləşdirir. Beləliklə, həm iqtisadi xarakterli beynəlxalq əməkdaşlıq formatları ilə əlaqələri gücləndirib, eyni zamanda, bu, iqtisadi xarakterli inteqrasion qurumlarla əməkdaşlığı inkişaf etdirməklə Azərbaycana ikili standart çərçivəsində yanaşan bəzi dediyim beynəlxalq siyasi təşkilatların mövqeyini dəyişməyə çalışır. Yəni bununla nümayiş etdirir ki, seqreqasion ayrı-seçkilik prinsipləri ilə Azərbaycana yanaşan təşkilatlar öz perspektivsiz siyasətlərini davam etdirsələr də, bunun Azərbaycanın iqtisadi, ticarət müstəvisində əməkdaşlıq siyasətinə təsiri olmayacaq. Ona görə də bu gün Azərbaycanın biz beynəlxalq inteqrasiya sahəsindəki fəaliyyətinin ancaq uğurlarından və yaxşı perspektivlərindən danışa bilərik".

Röyalə Xəyal

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31