Dövlət Suverenliyi Gününün təsis edilməsi Prezidentin xalqımızın azadlıq və müstəqillik yolundakı mübarizəsinə hörmətini ifadə edir- ÖZƏL

"Cənab Prezident İlham Əliyevə minnətdarlığımız sonsuzdur. Onun uzaqgörən liderliyi Azərbaycanın yalnız müstəqil bir dövlət kimi mövcudluğunu deyil, eyni zamanda suverenliyini xalqın qəlbində əbədi yaşadan ən müqəddəs dəyər kimi əks etdirir".

"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Hicran Hüseynova deyib:

"Dövlət Suverenliyi Gününün təsis edilməsi Prezidentimizin milli iradəyə, xalqımızın azadlıq və müstəqillik yolundakı mübarizəsinə verdiyi önəmi açıq şəkildə nümayiş etdirir. Bu tarixi qərar Azərbaycanın gələcək nəsillərinə əmanət edilən güclü və azad dövlət anlayışının təməl daşını qoyur. Xalq olaraq, bu əlamətdar qərara görə dərin minnətdarlığımızı ifadə edirik və Azərbaycanın əzəmətli gələcəyinə böyük inamla baxırıq.
Lokal xarakterli antiterror əməliyyatı isə bu suverenliyin ən möhkəm simvollarından biridir. Cənab Prezidentin rəhbərliyi altında həyata keçirilən bu antiterror əməliyyatı, düşmənə yerini göstərərək, Azərbaycanın gücünü və ərazi bütövlüyünü müdafiə etmək əzmini bir daha nümayiş etdirdi. Bu qətiyyətli addım, xalqımızın təhlükəsizliyini və gələcəyini təmin edən tarixi bir zəfərdir. Bu qələbə, Azərbaycanın sarsılmaz iradəsinin və milli birliyinin əbədi nişanəsidir. Xalqımızın qanı və canı bahasına əldə etdiyi bu zəfər, hər bir Azərbaycan vətəndaşı üçün iftixar mənbəyi olaraq gələcək nəsillərə örnək olacaqdır.
Bu qələbəni Ali Baş Komandanımızın qətiyyəti və uzaqgörən siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti və qəhrəmanlığı, qorxmaz və cəsur əsgərlərimizin canı, müqəddəs və ölməz şəhidlərimizin tökülən qanı, xalqımızın misilsiz birliyi hesabına qazandıq. Bu zəfər, Azərbaycanın tarixində əbədi qürur mənbəyinə çevrilmişdir. Ali Baş Komandanın dəmir iradəsi, əsgərlərimizin fədakarlığı və xalqın sarsılmaz dəstəyi sayəsində, ərazi bütövlüyümüz bərpa olundu və suverenliyimizin toxunulmazlığı təmin edildi".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31