Beynəlxalq təzyiqlərə baxmayaraq Azərbaycan strateji hədəflərinə çatdı- ÖZƏL
19 Sentyabr 2024 11:23 Siyasət"2023-cü il 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirlərinin xarakteri mülki əhalinin və mülki obyektlərin hədəf götürülməməsi, yalnız hərbi hədəflərin sıradan çıxarılması və məhv edilməsi idi". "Olaylar" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev deyib: "Bu tədbirlər həm də ona görə çətinlik yaradırdı ki, erməni silahlı birləşmələri hərbi obyektləri mülki insanların arasında cəmləyirdi. Məqsəd dünyaya car çəkmək idi ki, Azərbaycan mülki əhalini hədəfə alır, amma niyyətləri baş tutmadı. Səs gücləndiricilərlə və başqa müxtəlif vasitələrlə mülki insanlar təhlükəsiz yerə yönəldildi, düşmən qüvvələrin hərbi obyektləri zərgər dəqiqliyi ilə peşəkarlıqla məhv edildi, nəticədə mülki əhali heç bir zərər görmədi.
Azərbaycanın şərtləri qəbul edildi, Ermənistan ordusunun qanunsuz məskunlaşmış hərbi birləşmələri silahları yerə qoyaraq tərk-silah olundu, ərazimizdən tamamilə çıxarıldı. Güclü beynəlxalq təzyiqlərə baxmayaraq Azərbaycan öz prinsipial mövqeyindən çəkinmədi və bütün strateji hədəflərə çatdı".
Alim Hüseynli
Olaylar.az