Antiterror tədbiri ilə Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi- ÖZƏL

"2023-cü il 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə Qarabağda separatizmə son qoyuldu və xunta rejimi əbədi ləğv edildi". "Olaylar" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının sədri Füzuli Abdullayev deyib: "Antiterror tədbirləri zamanı bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdilər. Ağır relyef, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, şanlı ordumuz qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etdi. Əməliyyat başlamazdan əvvəl bütün hərbi birləşmələrimizə ciddi tapşırıq verilmişdi ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır.
2023-cü il sentyabrın 28-də Qarabağın separatçı rejiminin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı. Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən erməni silahlı birləşmələri tam şəkildə tərksilah edildi və ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan dövlət suverenliyini tam təmin etdi".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31