Azərbaycanın müstəqilliyi və suverenliyinin təmin edilməsində tarixi Qələbə- ÖZƏL

"2023-cü ilin sentyabr ayının ortalarında Ermənistanın dəstəklədiyi separatçı qüvvələr yenidən bölgədə təxribat xarakterli addımlar atmağa başladılar. Azərbaycanın mülki əhalisini və əsgərlərini hədəf alan təxribatlar davamlı olaraq ölkəmizin təhlükəsizliyinə və suverenliyinə qarşı ciddi təhdidlər yaradırdı. Məhz buna cavab olaraq Azərbaycan Ordusu lokal xarakterli antiterror əməliyyatına başlamışdı".

"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Məşhur Məmmədov deyib:

"Əməliyyatın əsas məqsədi Qarabağda separatçılığa tamamilə son qoymaq, qeyri-qanuni silahlı birləşmələri tərksilah etmək və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində tam suverenliyini bərpa etməkdən ibarət idi. Bununla yanaşı, Azərbaycan dövləti bölgədə yaşayan erməni əsilli vətəndaşların hüquq və təhlükəsizliyini qoruyacağını bildirdi.
Antiterror əməliyyatı son dərəcə dəqiq planlaşdırıldı və müasir texnologiyalarla təchiz edilmiş Azərbaycan Ordusu tərəfindən peşəkarcasına həyata keçirildi. Azərbaycan hərbi qüvvələri separatçıların mövqelərini məhv edərək onların infrastrukturlarını və silahlı qüvvələrini təsirsiz hala gətirdi. Bu əməliyyatın ən önəmli xüsusiyyətlərindən biri də minimum mülki itkilərlə humanitar fəlakətin qarşısının alınması idi. Nəticədə, separatçı qüvvələr tərksilah olundu və bölgədə tam nəzarət bərpa edildi. 20 sentyabrda erməni separatçıları atəşkəs tələb edərək təslim oldular. Bu  faktorlar Azərbaycanın müstəqilliyi və suverenliyinin təmin edilməsində tarixi Qələbə rolunu oynayır".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31