Qürurverici haldir ki, işğaldan azad olunan ərazilərimizdə milli musiqilərimiz yenidən səslənir- ÖZƏL

"Bu gün Azərbaycan professional musiqi sənətinin banisi, böyük bəstəkar, dirijor və SSRİ Xalq artisti Üzeyir Hacıbəylinin doğum günü və Milli Musiqi Günüdür. Azərbaycan musiqisinin zəngin irsini qoruyub saxlayan, onu inkişaf etdirən və dünya səhnələrinə çıxaran hər kəsi ürəkdən təbrik edirəm. Musiqimiz, tariximizin və mədəniyyətimizin ən dəyərli xəzinələrindən biridir, onu yaşatmaq bizim milli borcumuzdur".

"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Hicran Hüseynova deyib:

"Bu xüsusi gündə, Üzeyir Hacıbəyli, Müslüm Maqomayev və Azərbaycanımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin müqəddəs xatirəsini dərin hörmətlə anıram. Onların əməyi və fədakarlığı sayəsində milli musiqimiz bugün daha da güclü şəkildə səslənir. Qürurverici haldir ki, işğaldan azad olunan ərazilərimizdə milli musiqilərimiz yenidən səslənir. Bu torpaqlarda musiqimizin doğma sədaları, mədəniyyətimizin zənginliyini və xalqımızın əzmini əks etdirir. Hər bir not, hər bir melodiya, Vətənimizin tarixi və zəfər dolu yolunun parlaq rəmzi kimi Qarabağda, Zəngəzurda, Laçında və digər azad edilmiş yurd yerlərimizdə səslənir. Musiqimizin bu müqəddəs torpaqlara qayıtması, şəhidlərimizin ruhuna olan ən gözəl hədiyyədir. Azərbaycanın milli musiqi ruhu, azadlığı və vətənpərvərliyi əbədidir və bu torpaqlarda daima yaşayacaq".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31