Rusiya ilə İranın Azərbaycanda beşinci kolon yaradıb, təsir etmək imkanları Qərbdən daha çoxdur - ÖZƏL
17 Sentyabr 2024 16:03 Siyasət"Təkcə Qərb deyil, Azərbaycanda beşinci kolon yaratmaq istəyən əsasən üç qüvvə var. Bunlardan biri təbiidir ki, qərbdir. Bu, Avropa Birliyi, Amerika Birləşmiş Ştatları, bunlar ayrı-ayrı olsalar da, çox vaxt birlikdə hərəkət edirlər. İkincisi, Rusiyadır çox geniş bir şəbəkəyə malikdir Azərbaycanda. Hətta evlərimizin içinə qədər girə biləcək gücdədirlər. Üçüncüsü də, fars-molla rejiminin idarə etdiyi İrandır".
Olaylar.az xəbər verir ki, bunu siyasi şərhçi Azər Həsrət deyib.
"Bunların hər üç tərəfinin Azərbaycanda beşinci kolon yaratmaq cəhdləri olub, var və bu gün də onların uzantıları Azərbaycanda daxili proseslərə müdaxilə etməyə cəhd göstərirlər. Sadəcə olaraq, əvvəlki illərdə bu cəhdlər daha açıq şəkildə özünü göstərirdi. Azərbaycan dövləti, özəlliklə də, Dövlət Təhlükəsizliyi Xidməti çevik davrandı, müəyyən proseslər getdi, bilirsiniz, o xidmətin özü ilə də bağlı. Xidmət daha işlək bir quruma çevrildikdən sonra o qüvvələrin əli, ayağı yığışdırıldı. Yəni İranın din adı altında ölkəmizə soxulmuş şəbəkəsinin əl-ayağı yığışdırıldı, Rusiyanın şəbəkəsinə bu və ya digər şəkildə yeri göstərildi və təbiidir ki, Qərbin şəbəkələri də öz yerini almış oldu. Yəni bütövlükdə məsələ belə qoyulmalıdır ki, xarici güclərin Azərbaycanda beşinci kolon yaratmaq cəhdlərində yalnız Qərb deyil, Rusiya və İranı da yaddan çıxarmamalıyıq. Hətta Rusiya ilə İranın Azərbaycanda beşinci kolon yaradıb təsir etmək imkanları Qərbdən daha çoxdur. Bir tərəfdən Rusiya, keçmiş SSRİ və Rusiya imperiyasının mirası olaraq bizdə qalmış rus qafası hesabına bunu edə bilir. Yəni bilirsiz, insanlarımızın bir xeylisi hələ də rus, Rusiya meyilli, rus təfəkkürlüdür. İkincisi isə İran din üzərindən, özəlliklə də şiə məzhəbi üzərindən Azərbaycanda təsir imkanlarını qorumaq üçün o dediyiniz beşinci kolonu ayaqda tutmağa çalışır. Amma əlbəttə ki, Azərbaycan dövləti də boş dayanmır. Gərəkli tədbirlər görülür və o qüvvələrə yeri göstərilir. Bizim ən çox narahat olduğumuz indiki halda Qərbdən əsən yerlərdir. Çünki bilirsiniz ki, Qərbin qurduğu beşinci kolon daha çox ermənilərə xidmət edir və təəssüflər olsun ki, bu xidmətdə adı, soyadı azərbaycanlı olan, yəni bizim millətdən olan insanlar da bəzən yer alırlar. Elə bu yaxınlarda da Dövlət Təhlükəsizliyi Xidməti bu yöndə diqqətə dəyər addımlar atdı və o şəbəkənin bir kəsimini də faş etdi".