Azərbaycanın sülh sazişi ilə bağlı konseptual mövqeyi dəyişməyib - ÖZƏL

"Amerikanın dövlət katibi Blinken az əvvəl Ermənistanın baş naziri Paşinyanla telefonla danışmışdı". 

Bunu Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

"Ermənistana telefon zəngindən sonra onun Azərbaycan prezidentinə də zəng etməsi, birinci növbədə Amerikanın hələ də münasibətləri normal olmayan bu iki ölkənin arasında balans saxlamaq niyyətindən xəbər verir. Halbuki, hər şeyin aydın və ortada olduğu bir vaxtda balans mövqe tutmağa cəhd göstərmək indiki şəraitdə o qədər də perspektivli sayılmır. Çünki bu gün Ermənistan-Azərbaycanın normallaşması artıq bir fasilə ilə üzləşib, çətin bir mərhələyə gəlib. Azərbaycanın konkret təkliflər verməyinə baxmayaraq, Ermənistanın sülh sazişi ilə bağlı sonuncu təklifi faktiki sülh sazişi ətrafında danışıqların uzun müddət donması, dondurulması və dayanmasına səbəb ola bilər. Ehtimal etmək olar ki, Amerikanın dövlət katibi də bunu anlayır. Başa düşürlər ki, Paşinyanın 16 maddəlik sülh sazişinin üç maddəsini təxirə salaraq yerdə qalan 13 maddəni saziş adı ilə imzalamaq bəyanatı adi manipulyasiyadan başqa bir şey deyil və bu, ilk əvvəl sülh sazişinin imzalanmasından daha çox saziş ətrafında prosesi ləngitmək məqsədinə xidmət edir. Çünki Ermənistanda çox yaxşı bilirlər ki, Azərbaycan belə yarımçıq və şəraitin tələblərinə cavab verməyən sazişi imzalaya bilməz.
Ehtimal etmək olar ki, Amerikanın dövlət rəsmiləri də bu vəziyyəti anlayırlar və bu vəziyyətdə Bakıya edilən telefon zəngi Ermənistanın yarımçıq sülh sazişini imzalamaq bəyanatından sonra yarana biləcək uzunmüddətli fasiləni görürlər və buna görə də Amerika tərəfi Paşinyanın bu jestindən sonra, yəni 13 maddəlik saziş təklifindən sonra sülh sazişi ilə bağlı yaranacaq fasilədən narahatdırlar. Bu fasiləni aradan qaldırmaq üçün Bakı ilə indiki şəraitdə siyasi müzakirəni bir qədər intensivləşdirməyə ehtiyac duyurlar. Yəni mən bu zəngi daha çox, indiki şəraitdə prosesləri daha da sürətləndirmək yox, Paşinyanın təklif etdiyi yarımçıq sülh sazişi üzrə danışıqlar prosesində yarana biləcək fasilənin ömrünü qısaltmaq məqsədinə xidmət edir. Amma əlbəttə, Azərbaycan tərəfi, Azərbaycan prezidenti sülh sazişi ilə bağlı konkret mövqeyini bir daha ifadə edib. Bu da çox əhəmiyyətlidir və bu bəyanatlar, xüsusilə də Ermənistan konstitusiyasının dəyişdirilməsi, ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı verilən bəyanatlar Amerika hökumətinə aydın mesajlardır ki, Azərbaycanın sülh sazişi ilə bağlı konseptual mövqeyi dəyişməyib. Əgər prosesin bundan sonra da davam etdirilməsi istənilirsə, mütləq şəkildə Azərbaycanın bu şərtlərinə anlaşıqlı münasibət göstərilməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31