Ermənistan-Fransa hərbi əlaqələri getdikcə dərinləşdirilir - ÖZƏL

"Ermənistan-Fransa hərbi əlaqələri getdikcə dərinləşdirilir".

Bunu Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

"Fransa Ermənistanın anti-Rusiya siyasətini daha da gücləndirmək üçün yeni yeni addımlar atır. Son günlər Ermənistanın müdafiə nazirinin Fransada səfərdə olması, hərbi tipli yeni bir sazişin imzalanması, eləcə də Fransanın xarici işlər nazirinin Ermənistana səfər edərək ən müxtəlif görüşlər keçirməsi fakt olaraq sübut edir ki, Fransa bu gün Ermənistan uğrunda Cənubi Qafqazda daha qızğın bir mübarizəyə girişib. Sanki Rusiya ilə Fransanın arasında "Ermənistan kimin yanında durmalıdır?" prinsipi üzərində mübarizə gedir. Həm də hiss eləyəndə ki, Azərbaycan-Ermənistan sülh sazişinin imzalanması prosesində azacıq fəallaşma var, bu fəallaşmanın qarşısını almaq üçün Fransanın hərbi xarakterli addımlar atması artıq təkzibolunmaz bir təzahürdür. 
Fransanın məqsədi Ermənistanı daha da gücləndirməkdir. Onun hərbi ritorikasını artırmaqdır, Ermənistanı Vətən müharibəsindən sonra indiki düşdüyü durumda daha da gücləndirmək və onun üçün əlverişsiz olan sülh sazişinin imzalanma perspektivlərini aradan qaldırmaqdır. Təsadüfi deyil ki, Fransa Ermənistan hökumətinə hətta maliyyə yardımı da göstərir. Bu yardımların birbaşa Qarabağdan köçüb getmiş ermənilərə humanitar məqsədlə edildiyinin vurğulanmasının ayrı bir mənası var. Bununla Fransa Ermənistan hökumətinə, bütün erməni lobbisinə və Ermənistandakı bütün revanşist qüvvələrə mesaj verir ki, Fransa hələ də keçmiş Dağlıq Qarabağ ermənilərinin hüquqları uğrunda mübarizədən çəkilməyib. Fransanın Ermənistana münasibətdə bu gün atdığı addımlar bölgədə sülh prosesini ləngitməkdir, sazişin imzalanması üçün açılmış kiçik də olsa imkanı qapatmaqdır və beləliklə də bu bölgəni Rusiya ilə geosiyasi mübarizənin və qarşıdurmanın yeni bir hədəfinə çevirməkdir. Əlbəttə, bütün bunlar bölgəmizə yaxşı heç nə vəd etmir və bundan sonra bölgədə hərbi eksalasiyanın bir qədər də pisləşəcəyi, gərginləşəcəyi gözlənilir ki, bunun da bütün məsuliyyəti Ermənistan hakimiyyətinin üzərindədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31