Azərbaycana qarşı qərəzli iddialar haradan qaynaqlanır?- ÖZƏL

"COP-29-un keçiriləcəyi vaxt daraldıqca Azərbaycana qarşı xarici təzyiqlərin artması müşahidə olunur".

"Olaylar" xəbər verir ki, bunu hüquqşünas Alim Hüseynli deyib:

"Ölkəmizə qarşı təzyiqlər ən müxtəlif dairələrdən edilir. Xüsusən, kollektiv Qərb və ABŞ tərəfindən irəli sürülən yalan və böhtan kampaniyaları intensivliyi ilə seçilir. Maraqlı məqam ondan ibarətdir ki, ölkəmizi aşağılayan, onun beynəlxalq nüfuzuna xələl gətirən təhdidlər rəsmi qurumlar, eləcə də vətəndaş cəmiyyətlərinin dili ilə deyilir: "Şübhəsiz ki, belə bir kampaniyaya start verilməsində antiAzərbaycan qüvvələrinin əli var. Erməni diasporasının təsiri altında olan, əldə etdiyi külli miqdarda vəsait hesabına siyasi alətə çevrilən kəsimlər sanki Azərbaycana qarşı hücuma səfərbər olublar. Bu dəfə də Niderland tərəfi növbəti dəfə Azərbaycana və postmünaqişə dövründə regiondakı mövcud vəziyyətə münasibətdə qərəzli yanaşma nümayiş etdirib. Belə ki, Niderland Krallığı tərəfindən 13 sentyabr 2024-cü il tarixində dərc olunmuş hökumət proqramının "Beynəlxalq təhlükəsizlik" bölməsində ölkəmizə qarşı əsassız iddialar yer alıb. Acınacaqlı haldır ki, dünyaya insan hüquq və azadlıqlarından dərs demək iddiasında olan dövlətlərin böyük əksəriyyətində beynəlxalq hüquq üzrə mütəxəssis yox dərəcəsindədir. Əks halda, dövlətlər adından verilən rəsmi açıqlamadakı fikirlər beynəlxalq hüquqa uyğun əsaslandırılmalı, dövlətlərin inzibati ərazi vahidləri Birləşmiş Millətlər Təşkilatının Coğrafi Adlar üzrə Ekspertlər Qrupu çərçivəsində qəbul edilmiş coğrafi adlara istinad etməlidir. Niderland kimi ölkə də qərəzli mövqeyinə sadiq qalaraq rəsmi hökumət proqramında Azərbaycanın Qarabağ İqtisadi Rayonunun adını "Dağlıq Qarabağ" kimi təqdim edir. Azərbaycanın işğal altında olan ərazisinin azad edilməsi, separatçı və terrorozmin kökünün kəsilməsini isə "Dağlıq Qarabağın ələ keçirilməsi" kimi qeyd edir. Birmənalı şəkildə qeyd edilməlidir ki, Niderlandın Ermənistanın 30 il ərzində apardığı qanunsuz hərəkətlərə göz yumaraq Azərbaycana qarşı hədyanlar səsləndirməsi qərəzli mövqeyin təzahürüdür. Təkcə Niderland deyil, eləcə də bütün dünya dövlətləri dərk etməlidir ki, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq ərazi bütövlüyü və suverenliyini bərpa edib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31