Respublikamızın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror tədbirləri keçirildi- ÖZƏL
17 Sentyabr 2024 13:10 Siyasət"2020-ci il noyabrın 10-da Ermənistanın imzaladığı Kapitulyasiya aktından sonra Azərbaycanın Qarabağ bölgəsində bu işğalçı dövlətin silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri mövcud idi. Halbuki, Üçtərəfli Bəyanata əsasən, Qarabağ ərazisindəki erməni yaraqlıları tərksilah edilməli idilər". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib: "Azərbaycan işğala məruz qalan tərəf olsa da, Qarabağda baş verən gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinin normal davam etməsi və məsələnin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün 3 il müddətində əlindən gələni etdi. Təəssüf ki, Azərbaycanın humanist çağırışlarının əvəzində bu bölgədə erməni silahlı qüvvələri sayını artırmaqla, yeni silahlar alıb, təxribatlar törətməklə məşğul idilər. Vəziyyət o həddə çatmışdı ki, Qarabağda separatçılar müstəqillik iddialarından əl çəkmir, özlərinin oyuncaq "prezident"lərini seçir, qondarma "parlament"ləri adından Azərbaycan dövlətinin əleyhinə bəyanatlar səsləndirirdilər. Bütün bu təxribatların qarşısının alınması, Üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, respublikamızın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı".
Alim Hüseynli
Olaylar.az