Türkiyə-Azərbaycan əlaqələri yüksələn xətt üzrə inkişaf edir- ÖZƏL
17 Sentyabr 2024 12:44 Siyasət"Azərbaycan xalqı tarix boyu özünün dostu və düşmənini sınaqlardan keçirib. Hər zaman Türkiyə Azərbaycana daim öz dəstəyini nümayiş etdirib".

"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sadiq Qurbanov deyib:
"Bu dəstək həm siyasi, həm də hərbi formada təzahür edib. Qardaş Türkiyə xalqı və dövləti işğal altında olan torpaqlarının azadlığı uğrunda 2020-ci ilin sentyabrın 27-də başlatdığı Vətən müharibəsinin ilk günündən Azərbaycana mənəvi və siyasi dəstəyini əsirgəmədi. İlk saatlardan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və digər hökümət üzvlərinin dəstək yönümlü çıxışları və bəyanatları iki ölkə arasında qardaşlığın təcəssümü idi. Belə ki, göstərilən bu siyasi və mənəvi dəstək Azərbaycanın haqq savaşının zəfər qələbəi ilə yekunlaşmasında mühüm rol oynadı. Ümummilli lider Heydər Əliyevin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən "Biz bir millət, iki dövlətik" müdrik kəlamı bu gün də hər iki dövlətin vətəndaşları üçün örnək, türkü sevməyənlər üçün isə qorxuların başlanğıcıdır.
Türkiyə-Azərbaycan əlaqələri sürətli yüksələn xətt üzrə inkişaf edir. Bu inkişafın qarşısını heç bir qüvvə ala bilməz. Azərbaycan Prezidenti İlham Əliyev də bu barədə qəti fikirini bildirərək demişdir: " ... Türkiyə - Azərbaycan dostluq, qardaşlıq münasibətləri uğurla inkişaf edir, xalqlarımız biri-biri ilə sıx əməkdaşlıq edir, bütün birgə təşəbbüslərimiz, layihələrimiz uğurla icra edilir". Bu iki qardaş ölkənin sarsılmaz birliyinin nəinki, türk dünyasının həmrəyliyinə də müsbət təsir edir, eyni zamanda bu birlik bölgə üçün, dünya üçün xüsusi önəm daşıyır".
Alim Hüseynli
Olaylar.az