Bu əməkdaşlıq Güney Qafqazda sülhə və sabitliyə problem yaradacaq- ÖZƏL

"Fransa ilə Ermənistan arasında hərbi müqavilənin bağlanması hələ o demək deyil ki, Rusiyayla Ermənistan arasında əlaqələr zəifləyəcək. Təbii ki, Güney Qafqazda hazırda geopolitik bir mübarizə gedir. Fransa, Qərb, Aİ, ABŞ məhz Ermənistan üzərindən Rusiyanı Güney Qafqazdan sıxışdırıb çıxarmağa çalışırlar". 



Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:

"Digər tərəfədən nəzərə alsaq ki, Ermənistanla Rusiya arasında ticarət əlaqələri olduqca intensiv şəkildə inkişaf etməkdədir, yəni, faktiki olaraq Ukrayna-Rusiya savaşı başlayanda tərəflər arasındakı ticarət dövriyyəsi 2,3 milyard dollar təşkil edirdisə, bu ilin sonuna proqnozlaşdırılan rəqəm təxminən 16 milyard dollara yaxındır. Bu da təxminən 6,5 dəfə ticarət dövriyyəsinin artımı deməkdir ki, bu da olduqca fantastik bir rəqəmdir. Əslində, bunun nədən ibarət olduğunu hər kəs, o cümlədən də kollektiv Qərb çox yaxşı bilir. Çünki Ermənistan Rusiyanın məruz qaldığı sanksiyalardan istifadə edərək onun sanksiyadan çıxmasına yardım edir və ona təkrar ixrac məhsulları ötürməklə Rusiyanın sanksiyadan yayınmasına ciddi şəkildə təsir edən ölkə durumuna gəlib və nəzərə alsaq ki, Ermənistanla Qırğızıstan, Özbəkistan, Qazaxıstan və BƏƏ ilə arasında ds ticarət dövriyyəsi 8-10 dəfədən artıq artıbsa, bu ticarət dövriyyəsinin nədən ibarət olduğu açıq şəkildə bilinməkdədir. Nəzərə alsaq ki, bunu həm Rusiya, həm də Qərb tərəfi çox yaxşı bilir, amma ortaq maraq ondan ibətdir ki, məhz Ermənistana belə bir şərait yaradılır, ona sanksiyalar tətbiq olunmur. Düşünürəm ki, Qərb məhz həmin sanksiyalardan yayınaraq qazandığı vəsaitlər hesabına Ermənistanın silahlanmasına şərait yaradır. Həm Ermınistana ticarətdə şərait yaradaraq pul qazanmasına yardım edirlər, həm də qazanılan məhsulların gətirdiyi qazancla da Qərb istehsalı, yaxud Qərbin lisenziyası ilə istehsal olunan silahların alınmasına da şərait yaradırlar. Faktiki olaraq Qərb burada özünün mallarının sanksiyadan kənar satılmasına, eyni zamanda satılan məhsullardan Ermənistanın qazandığı pullarla təkrar öz silah və hərbi texnikasını Ermənistana satmaqla iki qat qazanc əldə edir. Bu baxımdan Fransa ilə Ermənistan arasında hərbi sahədə əməkdaşlıq təbii ki, Rusiyanın maraqlarına mənfi təsir etsə də, Rusiya bu gün elə bir durumda deyil ki, bu prosesə mane olsun. Çünki Rusiya Ukrayna savaşına görə kifayət qədər ciddi problemlər yaşamaqdadır. Məhz bu problemlərin öhdəsindən gəlmək üçün bütün diqqətini Ukrayna cəbhəsinə yönəldib və ikinci cəbhənin açılmasında maraqlı deyil. Təbii ki, Fransa ilə Ermənistan arasında hərbi-iqtisadi əməkdaşlıq və Ermənistanın ciddi şəkildə silahlandırılması bölgə üçün heç də yaxşı gələcək vəd etmir. Məhz bu sürətlə silahlanma və Ermənistanın sülh prosesindən yayınması gələcəkdə gərginliyin yenidən artması, hətta hərbi eskalasiyaya qədər gedib çıxa bilər. Bu baxımdan bu əməkdaşlıq və münasibətlər Güney Qafqazda sülhə və sabitliyə kifayət qədər problem yaradan münasibətlərdir".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31