Zəngəzur dəhlizinin açılması razılaşdırılıb, toqquşan maraqlar dəhlizə kimin nəzarəti məsələsidir- ÖZƏL
16 Sentyabr 2024 13:17 Siyasət"Ermənistanın baş naziri Nikol Paşinyanın Gürcüstan səfərinin regiona təsir edən heç bir siyasi nəticəsi ola bilməz. Sözsüz ki, tərəflər arasında müəyyən razılaşmaların əldə edilməsi, bəyanatların verilməsi diplomatik qayda, siyasi və etik normaların tələbələridir. Həm Gürcüstan, həm də Ermənistanın Rusiyanın təsir və maraq dairəsindən çıxmaq imkanı çox zəifdir. Bu iki dövlətin Rusiya və Azərbaycana qarşı hər hansı bir razılaşması mümkün deyil".
"Olaylar" xəbər verir ki, bunu hüquqşünas Vüqar Dadaşov deyib:
"Yeri gəlmişkən, Zəngəzur dəhlizinin əleyhinə Gürcüstan bu günə kimi heç bir rəsmi mövqe nümayiş etdirməyib. Ancaq, Zəngəzur dəhlizi İran kimi, Gürcüstanın da həm siyasi, həm də iqtisadi maraqlarına uyğun gəlmir. Hind okeanı, Asiyadan, Xəzər hövzəsindəndən tranzit, enerji daşıyıcılarının Gürcüstana alternativ ərazidən keçməsi əlbəttə ki, iqtisadi marağına mənfi təsir etməklə Gürcüstanın siyasi əhəmiyyətini də azaldır. Ümumiyyətlə, Gürcüstanın dövlət və milli maraqları kontekstindən, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması arzuolunmazdır. Gürcüstan Zəngəzur dəhlizinə qarşı olsa da, onun etnik tərkibi, Cənubi Osetiya və Abxaziya məsələsi, Azərbaycan və Türkiyənin regionda və dünyada söz sahibi olduğundan Gürcüstan Azərbaycanın maraqlarını istər-istəməz qəbul etmək məcburiyyətindədir".
Onun sözlərinə görə, Zəngəzur dəhlizinə dünya nəhəngləri maraqlıdır: "Azərbaycan üçün bu lahiyənin nəinki iqtisadi, ən əsası siyasi strateji əhəmiyyət və məqsədi var. Qlobal oyunçulara gəldikdə, Zəngəzur dəhlizinin açılması razılaşdırılıb, toqquşan maraqlar isə dəhlizə kimin nəzarəti məsələsidir. Son günlərin məlumatına görə, ABŞ-ın artıq Zəngəzurda hərbi birləşmələri var, bu isə Rusiya ilə açıq konflikt deməkdir. Əlbəttə ki, COP-29 tədbiri ərəfəsində Azərbaycan regionda növbəti müharibənin əleyhinədir. Hüquqa və regional siyasi konyukturaya görə, Rusiyanın Zəngəzur dəhlizinə nəzarət ehtimalı daha yüksəkdir. Ancaq, bu da danılmazdır ki, Zəngəzur dəhlizinə nəzarətlə Rusiyanın regiona, ən əsası isə Azərbaycan və Ermənistana təsir imkanları artacaq.
Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Ermənistana səfərindən dərhal sonra, Fransanın Avropa və Xarici İşlər Naziri Stefan Securnetin Ermənistana səfərində əsas mövzu təbii ki, Ermənistanla Azərbaycan arasında mümkün sülh müqaviləsi və Zəngəzur dəhlizi ilə bağlıdır. Böyük Britaniyanın "MI 6" kəşfiyyat xidmətinin rəhbəri Riçard Murun sentyabrın 14-də Bakıya səfəri prosesə nəzarət kimi, qütbləşmə və qloballaşma prosesinin Cənubi Qafqaz üzərindən də getdiyinin sübutudur. Rusiya-Ukrayna, Yaxın Şərq, İsrail-Fələstin müharibəsi epiçentr olsa da, bu, belədir. Artıq İsrail Fələstinlə və onun dövlətçiliyi ilə bağlı milli və sosial bazanı demək olar ki, məhv edib. ABŞ - da Donald Trampın hakimiyətə qayıtması ilə yəhudilər məqsədinə tam nail ola bilər. Donald Trampın prezidentliyi həm də Rusiya üçün uğurlu son deməkdir. Yeri gəlmişkən, Ermənistanda Paşinyan hakimiyyətinin Rusiyaya qarşı ritorikasında yumuşalmanın bir səbəbi də, Donald Trampın hakimiyyətə qayıtma ehtimalıdır. ABŞ - da prezident seçkilərinin hansı nəticənin olacağına konkret fikir bildirmək mümkün deyil, çünki mübarizə son dərəcə gərgin gedir, prosesə sürpriz və müdaxilələr isə çoxdur".