Rusiya ilə Ermənistan münasibətləri üzdə çox gərgin görünsə də...- ÖZƏL

"Ermənistanla Rusiya arasında hal-hazırda diplomatik cinahda müəyyən gərginliklər hökm sürməkdədir, amma işin qəribə tərəfi də bundan ibarətdir ki, bütün bu siyasi təhlillərə və narazılıqlara baxmayaraq tərəflər arasında ticarət dövriyyəsi də ciddi şəkildə inkişaf etdirilməkdədir". 



Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:

"Bu ilin sonuna təxminən 16 milyard dollara yaxın bir dövriyyə gözlənilir ki, bunun da əhəmiyyətli hissəsi Ermənistandan Rusiyaya göndərilən sanksiyadan kənar mallardır ki, buna da kollektiv Qərb göz yummaqdadır. Bunun da əsas səbəbi odur ki, Qərb məhz Ermənistana bu şəraiti yaratmaqla pul qazanmasına və həmin qazandığı pullarla da Qərbdən silah-sursat alaraq yenidən hərbi qüdrətini bərpa etmək imkanı tanıyır. Təbii ki, Rusiya ilə  Ermənistan arasında münasibətlərə də belə baxılır. Rusiya çox yaxşı bilir ki, Ukrayna savaşına görə Güney Qafqazda ikinci cəbhəni açmaq imkanları məhduddur, amma bütün bunlara baxmayaraq Ermənistanın da xətrinə dəymir və ticarət dövriyyəsi, o cümlədən Rusiyanın xüsusilə sanksiyaya məruz qalmış məhsullarının alınmasında Ermənistanın imkanlarından istifadə etməsi də çox vacib faktor kimi dəyərləndirilməlidir. Bu baxımdan hal-hazırda Rusiya ilə Ermənistan münasibətləri üzdə çox gərgin görünsə də, arxa planda müəyyən bir anlaşma da mövcuddur. Ermənistan Rusiyanın rəhbərlik etdiyi iqtisadi qurumlardan çıxmağa tələsmir ki, bu da ciddi məqamlardan xəbər verir".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31