Qafqaz İslam Ordusu Bakını azad etməklə Azərbaycan dövlətçiliyinə qardaş töhfəsini verdi- ÖZƏL

"1918-ci il sentyabr ayının 15-də Bakının işğaldan azad edilməsi Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı tarixinə yazılan şanlı səhifələrdəndir, Qafqaz İslam Ordusunun şücaəti isə ən yüksək qiymətə layiqdir. Çünki Osmanlı dövlətinin Azərbaycan xalqına bu tarixi yardımı I Dünya Müharibəsində məğlub olan qardaş ölkənin ən çətin vaxtlarında gerçəkləşmişdi".

"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib:

"Osmanlı qoşunları Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda 1130 şəhid versə də, qarşıya qoyduğu missiyanı uğurla başa çatdırmaqla, Bakını işğalçılardan təmizləməklə Azərbaycan dövlətçiliyinə qardaş töhfəsini verdi. Qəhrəman türk əsgərlərinin şücaəti və qanı bahasına Bakı və digər rayonların azad olunması ilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti öz hakimiyyətini ölkənin bütün hüdudlarında təmin etdi. Bununla da 1918-ci ilin martından başlayaraq erməni daşnaklarının və bolşeviklərin Bakıda və Azərbaycanın digər bölgələrində birgə həyata keçirdikləri qanlı qırğınlara və özbaşınalığa son qoyuldu. "Böyük Ermənistan" xülyasına qapılan daşnaklar Bakıya göz diksələr də, bir millətin qardaşlığı bu mənfur planın reallaşmasına imkan vermədi.
Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də təkcə Bakıda deyil, Şamaxıda, Göyçayda və digər rayonlarda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları ziyarət olunur. Şəhidlər xiyabanında türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önündə anma mərasimi keçirilir. Aradan uzun illər keçməsinə baxmayaraq, Türkiyə Ordusu tərəfindən göstərilən qardaşlıq köməyi heç vaxt unudulmur, Azərbaycan xalqı tərəfindən daim minnətdarlıq hissi ilə xatırlanır. Bu mənada Azərbaycan gəncliyi, yeni nəsil qardaş ölkənin bu şücaəti barədə daha yaxşı məlumatlanmalı, geniş biliklər əldə etməlidir. Çünki qardaşlığın qələbə çaldığı bu əlamətdar gün xatırlandıqca Azərbaycan-Türkiyə qardaşlığı da yaşayacaq".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31