Bu, Ermənistan hakimiyyətinin növbəti riyakarlığı və ikiüzlülüyüdür- ÖZƏL

"Bu gün Ermənistan hakimiyyəti Azərbaycanla sülh müqaviləsindən yayınmaq üçün çox anlamsız və qəsdən pozuculuq fəaliyyətinə yönəldən açıqlamalar edir". 



Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:

"Əvvəla, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin şərtləri ilə bağlı hər iki tərəf açıq formada bəndləri açıqlamayıb. Bəndlər açıqlanmadığı təqdirdə Nikol Paşinyanın hansısa üç maddə üzərində durub sonrakı mərhələ ilə bağlı danışıqlar aparması ilə bağlı açıqlamalar verməsi hesab edirəm ki, Ermənistan hakimiyyətinin növbəti riyakarlığı və ikiüzlülüyüdür. Bu elə bir məsələdir ki, publik açıqlamalar vermədən əvvəl mütləq şəkildə iki dövlət arasındakı sülh anlayışından və müqavilədən söhbət gedirsə, hər iki tərəfin mövqeyi olmalıdır. Hər iki tərəf məsələnin ictimailəşdirilməsində iştirak etməlidir. Digər tərəfdən, Ermənistan öz konstitusiyasında Azərbaycan ərazilərinə qarşı olan iddialarla bağlı məsələni sülh müqaviləsindən sonrakı mərhələyə daşımaq istəyir. Yəni Ermənistan özü də başa düşür ki, iki ölkə arasında sülh müqaviləsinin imzalanmağından danışırıqsa, mütləq şəkildə Ermənistan konstitusiyasında Azərbaycan ərazilərinə qarşı yer alan iddialar aradan qaldırılmalı, Ermənistan Azərbaycana qarşı tutduğu mövqelərindən əl çəkməli, bütün dövlət və konstitusiya sənədlərində dəyişiklik etməlidir. Sonrakı mərhələyə adlayacağını söylədiyi mərhələlərdən biri yəqin ki, kommunikasiya layihələrinin açılmaları ilə bağlı məsələdir. Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı 10 Noyabr bəyanatına imza atıbdır və bunu təkcə Azərbaycan tərəfi deyil, həm də Rusiya tərəfi qeyd edir. Amma Ermənistan Zəngəzur dəhlizinin açılması məsələsindən də boyun qaçırmağa çalışır. Digər üçüncü maddə ola bilsin ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalandıqdan sonra iqtisadi-siyasi ticarətlərin hansısa bir formada bərpa edilməsi ilə bağlı məsələlər ola bilər ki, Nikol Paşinyan məhz sülh müqaviləsindən sonrakı mərhələdə müzakirə ediləcək üçüncü maddə kimi bunu nəzərdə tuta bilər. Hər halda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün Ermənistan tərəfindən dövlət iradəsi nümayiş etdirilməlidir. Amma Nikol Paşinyan hakimiyyətində və onun komanda üzvlərində hələ ki, bu iradəyə malik olan və praktiki addımlar atan bir zehniyyət müşahidə etmirik".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31