Lokal xarakterli antiterror tədbirləri dünya hərb tarixində nadir hadisə idi- ÖZƏL
13 Sentyabr 2024 13:59 Siyasət"Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-20-də həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri dünya hərb tarixində nadir əməliyyatlarından biri hesab olunur". "Olaylar" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri David İbramxəlilov deyib: "Əməliyyatın əsas hədəflərini Qarabağ ərazisində erməni silahlı birləşmələrinin və separatçı rejimin mövcudluğuna son qoyulması təşkil edirdi. Bundan əlavə, Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma "Artsax respublikası"nın yaranmasının ildönümü münasibətilə erməniləri təbrik etməsi bu mənfur dövlətin işğalçılıq siyasətinin mahiyyətindən xəbər verir. Həm BMT-nin qətnamələrinə, həm də Üçtərəfli Bəyanatın müvafiq bəndinə uyğun olaraq Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyü və suverenliyini bərpa etmək üçün lokal antiterror tədbirləri həyata keçirməyə məcbur oldu. Qondarma rejimin Ermənistan tərəfindən silahlandırılması, Qarabağ ərazisində terror aktlarının törədilməsi, azərbaycanlı mülki şəxslərə və polis əməkdaşlarına qarşı hücumlar bu əməliyyatı qaçılmaz etdi. Antiterror tədbirləri 24 saatdan da az vaxtda yekunlaşdı, qanunsuz erməni silahlı dəstələri darmadağın edildi. Eyni zamanda, bu, mülki əhaliyə heç bir zərər yetirilmədən aparılmış uğurlu əməliyyat kimi diqqəti cəlb edib. Nəticədə azərbaycanlılar öz tarixi torpaqlarına qayıtmaq imkanı əldə etdi. Lokal antiterror tədbirlərinin həyata keçirilməsi ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin edildi. Fəaliyyəti sıfıra bərabər olan ATƏT-in Minsk qrupuna heç bir ehtiyac qalmadı. BMT-nin dörd qətnaməsinin tələblərini Azərbaycan özü yerinə yetirdi".
Alim Hüseynli
Olaylar.az