İndi biz qürurla deyirik ki, Azərbaycan əsgəri öz qolunun qüvvətinə bu torpaqları işğaldan azad etdi - ÖZƏL
12 Sentyabr 2024 17:03 Siyasət"2020-ci ilin 44 günlük Vətən savaşı dünyaya göstərdi ki, Azərbaycan Ermənistanla təkbətək üz-üzə gələndə nəyə qadir olduğunu çox qısa müddətdə göstərə bilir".

Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Bütün dünya gördü ki, Azərbaycan dövləti, onun ordusu, onun əsgəri, heç bir xarici dəstək olmadan, heç bir başqa ölkənin əsgərləri, hərbçiləri iştirak etmədən təkbaşına işğalçı Ermənistanla üz-üzə gəldi və çox qısa bir müddətdə, 44 gün içində onu dizə gətirdi. Yəni 2020-ci ilin 44 günlük müharibəsi bu baxımdan əhəmiyyətli idi.
İkinci bir tərəfdən, o müharibə dövrümüzün ən humanist müharibəsi kimi tarixə düşdü. Çünki Azərbaycan dövləti əlindəki imkanların böyüklüyünə baxmayaraq, müharibədə dinc ermənilərin zərər görməməsini təmin etməyi bacardı. Yəni həmin günlərdə demək olar ki, dinc ermənilər öldürülmədi, onların əmlakına zərər vurulmadı, tək-tük problemlər olmuşdu ki, onlar da Azərbaycan tərəfindən qaynaqlanmırdı. Yəni Azərbaycan bu müharibədə leqal hərbi hədəfləri vururdu və təəssüflər olsun ki, işğalçı ermənilər də körpələrin, qadınların, uşaqların arxasına sığınaraq oradan Azərbaycan əsgərlərinə atəş açırdılar, bombalar atırdılar və təbiidir ki, belə olan şəraitdə həmin nöqtələr leqal hərbi hədəfə çevrilirdi və Azərbaycan tərəfi də məcburiyyət qarşısında ora cavab verməli olurdu. Amma buna baxmayaraq, yenə də Azərbaycan mümkün olan hər şeyi etdi ki, dinc insanlara zərər yetirilməsin və bunu bacardı. O baxımdan, dünyanın hər tərəfində Azərbaycanın bu savaşı belə savadlı, mədəni, insanca aparması diqqət cəlb elədi və günü bu gün də öyrənilməkdədir. Yəni 44 günlük savaş bunu göstərmiş oldu, bu baxımdan çox əhəmiyyətlidir. Əlbəttə ki, hər şeydən öncə daha əhəmiyyətli olan isə torpaqlarımızı əsgərlərimizin canı və qanı bahasına öz gücümüzə işğaldan azad etməyimizdir. Yəni Qarabağı bizə kimsə masa üzərində güzəştə getmədi, kimsə erməniləri yola gətirib işğaldan imtinasına nail ola bilmədi. ATƏT-in Minsk qrupu onillərlə fəaliyyət göstərdi, məsələ bir addım da olsa irəliləmədi. Amma Azərbaycan ordusu, Azərbaycan əsgəri öz canı və qanı bahasına bunu etdi, tarix yazdı və bunun özü əhəmiyyətlidir. O baxımdan ki, artıq heç kim, o cümlədən də ermənilər bizə qaxınc edə bilməyəcəklər. Yəni o torpaqları bizə masa arxasında danışıqlar vasitəsilə qaytarmış olsaydılar, onda ömür boyu ermənilər bizə qaxınc edəcəkdilər ki, bacarmadınız, gücünüz çatmadı, biz özümüz güzəştə getdik. Amma indi biz qürurla deyirik ki, Azərbaycan əsgəri öz qolunun qüvvətinə bu torpaqları işğaldan azad etdi. Yəni bu baxımdan da 44 günlük savaş bizim üçün əhəmiyyətlidir".