Azərbaycan humanitar problemlərin ənənəvi müzakirə məkanına çevrilib
13 Sentyabr 2024 12:10 Siyasətİstiqamət: dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi
Müasir dünyada dinlər və məzhəblər arasında ciddi qarşıdurmanın hökm sürməsinə baxmayaraq Azərbaycanda vəziyyət tamamilə fərqlidir. Ölkəmizi fərqləndirən cəhət ondan ibarətdir ki, tarix boyu bu coğrafiyada yaşayan bütün dinlərin və etnosların təmsilçiləri bir-birlərinin mədəni və mənəvi baxışlarına sayğı göstəriblər. Faktdır ki, Azərbaycanda tarixən müxtəlif məzhəblər və dinlər arasında qarşılıqlı hörmət və həmrəylik mövcud olmuşdur. Azərbaycanda heç vaxt dini və məzhəb zəminində qarşıdurmalar, dini çəkişmələr baş verməmişdir. Bu, onu göstərir ki, Azərbaycanda məzhəblərarası tolerantlığın dərin tarixi kökləri vardır. Azərbaycan dövlətçilik tarixinə nəzər saldıqda, aydın şəkildə görürük ki, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsində və milli dövlətçiliyin bərqərar edilməsi istiqamətindəki fəaliyyətində müxtəlif məzhəbə mənsub ziyalılar, maarifçilər və ictimai xadimlər birgə fəaliyyət göstərmiş, din və məzhəb fərqliliyini nəzərə almadan Azərbaycançılıq ideyaları ətrafında birləşmişlər.
Etiraf edilməlidir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra sivilizasiyalararası dialoq, multikultural dəyərlərin qorunması, dini tolerantlığın inkişafı kimi humanitar problemlərin ənənəvi müzakirə məkanına çevrilib. Azərbaycanda etnik-mədəni müxtəlifliyin, multikultural, tolerant mühitin qorunması və təşviqi dövlət siyasətinin başlıca istiqamətlərindən hesab olunur. Ölkəmizdə dövlət-din münasibətləri zəngin milli-tarixi ənənəyə əsaslanır və beynəlxalq hüquqi normalarla tənzimlənir. Multikulturalizmi bir dəyər sisteminə çevirən Azərbaycanda çoxmədəniyyətliliyin inkişafı istiqamətində aparılan məqsədyönlü siyasətin nəticəsində bu gün müxtəlif mədəniyyətlərin təmsilçiləri respublikamızın siyasi, iqtisadi və mədəni elitasında təmsil olunur, ölkənin həyatında əsaslı dəyişikliklər və inkişaf prosesində yaxından iştirak edirlər. Yeni geosiyasi düzən dönəmində slavyançılıq, avrasiyaçılıq, islam, türkçülük, Avropa dəyərləri və s. axınların kəsişməsində yerləşən çoxmillətli Azərbaycanın tolerant mühiti ölkədə multikulturalizm və dözümlülük dəyərlərinin fövqündə respublikamızı bütün dini və siyasi baxışlara sahib, müxtəlif mədəniyyətlərə mənsub xalqların vahid dialoq mərkəzinə çevirir.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev "Dini tolerantlığın möhkəmləndirilməsi (Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar)" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına etdiyi müraciətdə qeyd edib ki, dünyada tolerantlıq örnəyi kimi tanınan Azərbaycan sivilizasiyalararası dialoqun, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl olaraq zəruri təşəbbüs və çağırışlarla çıxış edir: "Son illər ölkəmizdə beynəlxalq humanitar forumların, dünya dini liderlərinin sammitlərinin keçirilməsi, Beynəlxalq Tolerantlıq Gününün böyük məmnuniyyət hissi ilə ayrı-ayrı konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd olunması, bəşəriyyəti narahat edən qlobal problemlər ətrafında birgə müzakirələrin aparılması bunun bariz nümunəsidir. Bu gün bir sıra ölkələrdə şahidi olduğumuz mürəkkəb etno-siyasi proseslər, dinin siyasi ambisiyalara alət edilməsi cəhdləri, radikalizm və ekstremizmin artması göstərir ki, sülh və əmin-amanlıq axtarışında olan dünyamızda multikulturalizmin alternativi olmadığı kimi, müxtəlif dinlər və məzhəblər arasında dostluq və dözümlülük münasibətlərinin də alternativi yoxdur".
Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri, jurnalist Cavid Şahverdiyev qeyd edib ki, Azərbaycanda multikulturalizmin və dini tolerantlığın dövlət siyasəti səviyyəsində inkişafı ölkənin qədim dövlətçilik tarixinə əsaslanır: "XX əsrin sonlarında Ümummilli Lider Heydər Əliyevin səyləri nəticəsində bu siyasət dövlətçilik ideologiyası şəklini alıb. Azərbaycanda multikulturalizmin siyasi əsasları Azərbaycan Respublikası Konstitusiyasının maddələrinin müvafiq müddəalarında, qanunvericilik aktlarında, fərman və sərəncamlarda öz əksini tapıb. Azərbaycanda mövcud olan milli-mədəni müxtəliflik, etnik və dini tolerantlıq mühiti sayəsində Vətənimiz çoxmillətli və çoxkonfessiyalı ölkə, qlobal miqyasda mədəniyyətlərarası dialoq məkanı kimi tanınıb. Azərbaycan xalqının multikultural ənənələrinin qorunub saxlanması sahəsində Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə həyata keçirilən siyasi kurs Prezident İlham Əliyev tərəfindən inamla davam və inkişaf etdirilib. Günümüzdə aydın nəzərə çarpır ki, dini tolerantlıq ənənəsi Azərbaycan xalqının ən qiymətli dəyərlərindən biridir. Azərbaycanda dini tolerantlıq ənənəsi bir tərəfdən qorunur və inkişaf etdirilir, digər tərəfdən isə bu ənənənin tarixi kökləri və nəzəri əsasları ətraflı öyrənilir. Məsələn, dini tolerantlığın inkişafı məqsədilə, 2016-cı il 15 yanvar tarixində Heydər məscidində şiə və sünni dindarların birgə iştirak etdikləri Vəhdət namazı icra olunmuşdur. Həmin tarixdən etibarən Vəhdət namazı konfessiyalararası dostluq və dini tolerantlığın simvolu kimi ənənəyə çevrilmişdir. Qeyd edilməlidir ki, Azərbaycan fərqli məzhəblərə mənsub dindarların birlikdə ibadət etdikləri az sayda müsəlman ölkələrindən biridir. Deyilənləri əsas götürərək, Azərbaycanın dinlərarası və məzhəblərarası münasibətlər modelinin dünyanın bir çox müsəlman ölkəsi üçün nümunə təşkil etdiyi vurğulanır. Nəticə olaraq, bir daha vurğulanmalıdır ki, Azərbaycanda həyata keçirilən din siyasətinin prioritetlərini, bir tərəfdən, bütün vətəndaşların, o cümlədən dini azlıqların dini etiqad azadlığını təmin etmək, digər tərəfdən, dini təhlükəsizliyin tərkib hissəsi olan dini tolerantlığın bərqərar edilməsi təşkil edir".
C.Şahverdiyev qeyd edib ki, Azərbaycanda tolerantlıq mühiti hər zaman ən yüksək səviyyədə olduğu üçün burada multikulturalizm, millətlər və dinlər arasında olan münasibətlərə, dialoqa həsr edilmiş beynəlxalq səviyyəli bir çox tədbirlər, elmi konfranslar keçirilir: "Dünyanın müxtəlif ölkələrini, dinlərini təmsil edən 200-dən çox nümayəndənin iştirak etdiyi "Qloballaşma, din, ənənəvi dəyərlər" mövzusunda tədbir 2010-cu ilin aprelində məhz Bakı şəhərində keçirilmişdir. Bunu Azərbaycanın beynəlxalq aləmdə tanınması, tolerantlıq mühitinin genişlənməsi və inkişafı ilə əlaqələndirmək olar. 2011-ci ildən başlayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə hər iki ildən bir Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bu Forumlar UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESKO, BMT-nin Dünya Turizm Təşkilatının tərəfdaşlığı ilə reallaşdırılır. Respublikamızda dini dözümlülüyün, dini müxtəlifliyin, milli və dini tolerantlığın, multikulturalizmin, milli-mənəvi dəyərlərin inkişafında və təbliğ edilməsində Heydər Əliyev Fondunun əvəzolunmaz xidmətləri vardır. 2014-cü il sentyabrın 26-da BMT Baş Məclisinin 69-cu sessiyasında Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun 2016-cı ildə Bakıda keçirilməsi barədə qərar qəbul edilmişdir. 2016-cı il aprelin 25-27-də Bakıda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçirilib. Forumda dünyanın 140-dan çox ölkəsindən nümayəndə heyətləri, çoxsaylı beynəlxalq təşkilatların, dini konfessiyaların, QHT-lərin nümayəndələri iştirak etmişlər. BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Azərbaycanda keçirilməsi ölkədə multikultural və tolerant mühitin olmasının göstəricisidir. Multikulturalizmin bu formada geniş təsbit və tətbiq olunması Azərbaycanın dünyaya olan töhfələrindən biridir. Qloballaşan dünyada milli-mənəvi dəyərlər, mədəni fərqliliyin qorunub-saxlanması və gələcək nəsillərə ötürülməsi vacib olduğu qədər də çətindir. Multikulturalizm məkanı sayılan Azərbaycan tolerantlığı isə dözümlülüyü ilə bərabər, özünəməxsus mədəniyyəti ilə dünya ictimaiyyətinin nəzərini cəlb edir. İstər dini, istərsə də milli və etnik mədəniyyət müstəvisində tolerant bir xalq olan Azərbaycan xalqı özünə mənsub olan və ölkəmizin qanunlarını pozmayan istənilən milli-mənəvi dəyərlərin daşıyıcılarına hörmətlə yanaşır. Ölkəmizdə kiminsə dini əqidəsinə, milli mənsubiyyətinə görə təzyiqə məruz qalması faktı yoxdur. Özünəməxsus dini və milli ənənələri olan Azərbaycanda yaşayan hər bir xalqın inancına, milli mənsubiyyətinə hörmətlə yanaşılır, eyni zamanda bu dəyərlərin qorunub inkişaf etdirilməsinə şərait yaradılır".
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.