Ermənistan sülhdə maraqlı deyil- ÖZƏL
11 Sentyabr 2024 15:47 Siyasət"Həqiqətən də Nikol Paşinyanın "Yerevan Dialoqu" forumunda səsləndirdiyi fikirləri bir daha onu göstərir ki, Ermənistan tərəfi sülh prosesini uzatmaqda maraqlıdır, çünki Paşinyanın səsləndirdiyi 16 maddədən 13-ü razılaşdırılıb sülh sazişi imzalansın absurd bir fikirdir".

Bu fikirləri politoloq Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:
"Beynəlxalq münasibətlərdə belə bir hal yoxdur ki, bir tərəfin maraqlarına uyğun hansısa maddələr saxlanılır, hansılarsa çıxarılır və beləcə sülh sazişi imzalanır. Digər 3 maddə də Azərbaycan üçün əhəmiyyət kəsb edir ki, Azərbaycan o maddələrin salınmasına çalışır və o maddələr də olmayacaqsa, hansısa bir sazişdən söhbət belə gedə bilməz. Digər tərəfdən Ermənistanın konstitusiyasında 1990-cı ilin müstəqillik aktına istinad var. Bu aktda da Ermənistan Qarabağa açıq-aşkar iddiaları təsbit olunub ki, belə olan halda hansısa sülh sazişindən söhbət gedə bilməz. Bu baxımdan Paşinyanın səsləndirdiyi fikirlər, konstitusiyanın dəyişdirilməsi prosesinin Ermənistanda uzadılması, digər tərəfdən də bu ölkənin Azərbaycana qarşı intensiv şəkildə Fransa, Hindistan, İran kimi ölkələr vasitəsilə silahlanması onu göstərir ki, Ermənistan sülhdə maraqlı deyil, onun istəyi prosesi maksimum dərəcədə yubatmaq və əlverişli bir geosiyasi konyuktura yarandığı təqdirdə bu vəziyyətdən istifadə edərək öz mövqryini irəli sürməkdir. Bunun da sözsüz ki, Cənubi Qafqazda sülh və təhlükəsizliyə yalnız mənfi təsiri ola bilər".
Zeynəb Rzayeva