Oqtay Qasımov: Sülh müqaviləsinin imzalanması süni şəkildə ləngidilir- ÖZƏL
11 Sentyabr 2024 13:13 Siyasət"Paşinyanın dünənki açıqlamalarına Azərbaycan Xarici İşlər Nazirliyi artıq rəsmi cavab verib və onun səsləndirdiyi bir çox əsassız fikirlərə diqqət çəkilib".

Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:
"Xüsusilə də Ermənistan baş nazirinin Azərbaycan Konstitusiyası ilə bağlı və digər məsələlər xüsusi diqqət çəkicidir. Belə ki, guya Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddialarının yer alması ilə bağlı səslənən fikirlər tamamilə absurddur. Ermənistan konstitusiyasından fərqli olaraq Azərbaycan Konstitusiyasında belə iddialar yer almayıb. Faktiki olaraq Ermənistanın bugünki konstitusiyası Qarabağı Ermənistana birləşik vəziyyətdə göstərən bir konstitusiyadır. Ona görə də Azərbaycan tələb edir ki, bu konstitusiya dəyişsin. Ermənistan baş nazirinin guya 13 maddə ilə bağlı sülh müqaviləsinin imzalanması təklifinə gələndə isə sülh müqaviləsi bütün bir sənəd olmalıdır. Yəni, yarımçıq bir sənəd imzalayıb bunun üzərindən manipulyasiyalar etmək qəbuledilməzdir. Azərbaycan hesab edir ki, razılaşdırılmış məsələlər paraflana bilər, amma digər məsələlər öz həllini tapmalıdır. Ermənistan konstitusiyasında dəyişikliklər məsələsi həllini tapmayana qədər yekun sülh müqaviləsini imzalamaq mümkün deyil. Ona görə də Paşinyan kommunikasiyaların açılması ilə bağlı məsələlərdə də manipulyasiyaya yol verir. Bu məsələ ilə bağlı konkret öhdəliklər məlumdur və Paşinyan 10 Noyabr bəyanatının doqquzuncu maddəsini təhrif edir. Orada yalnız bir qismi söyləməklə nəzarətin kimin həyata keçirməsi məsələsinin üstündən susqunluqla keçir. Bu baxımdan bu cür bəyanatlar və real addımlar atılmadığı müddətcə sülh müqaviləsinin imzalanması süni şəkildə ləngidilir. Dünən verilən bəyanatlar ilkin baxışda dırnaqarası nə qədər pozitiv görünsə də hər halda bunlar sülhə töhfə verəcək açıqlamalar deyil".
Zeynəb Rzayeva