Mühacirətdə Qərbi Azərbaycan hökumətinin yaradılmasının vaxtı çatıb

Bunun üçün hüquqi baza yaranıb, tarixi şərait yetişib

44 günlük Vətən müharibəsində kapitulyasiya aktına imza atmış Ermənistan 10 noyabr 2020-ci il üçtərəfli bəyanatın şərtlərini icra etmək əvəzinə, ölkənin hərbləşdirilməsini davam etdirir. Bu işdə xarici havadarlarından dəstək alan işğalçı dövlət yeni iddialar sevdasına düşüb. Quru vədlərlə şirnikləşdirilən revanşist qüvvələr Ermənistanı bir dövlət kimi məhv olmaq təhlükəsindən xilas etmək əvəzinə, yeni-yeni iddialarla çıxış edirlər. Artıq müxalifət, din xadimləri, separatçı qüvvələr və vətəndaş cəmiyyətləri ölkəmizə qarşı birləşərək revanşistlərin dairəsini genişləndiriblər. Avropa koalisiyasının təsiri altında olan sözügedən qüvvələr açıq şəkildə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təhdid edən bəyanatlarla çıxış edirlər. Səsi Ermənistan sərhədlərindən kənara çıxmayan bu bəyanatların məğzində qərbi azərbaycanlıların geri qayıtmasına mane olmaq cəhdi dayanır. Belə bəyanatlar təxribat xarakteri daşısa da ürək bulandırır. Əslində isə Azərbaycan qalib ölkə olaraq işğalçı Ermənistandan kapitulyasiya aktının müddəlarının icrasını tələb etməlidir. Məlum olduğu kimi  Azərbaycan ərazi bütövlüyünü bərpa edərək beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində öz torpaqlarını işğaldan azad etdi. Ermənistanın üzərinə düşən öhdəlik ondan ibarət idi ki, sülh müqaviləsi imzalamaqla region dövlətlərlə mehriban münasibətlər qursun. Lakin görüntü ondan ibarətdir ki, Azərbaycanla münasibətlərin normallaşdırılması əvəzinə, revanşist qüvvələr tərəfindən yeni ərazi iddiaları irəli sürülməkdədir. Belə məlum olur ki, Ermənistan hec də biabırçı məğubiyyətdən dərs çıxrmayaraq 44 günlük Vətən müharibəsindən ötən 4 il ərzində sülh müqaviləsini imzalamadan hərbi potensialını artırmaq yolunu tutub.
Üstəlik revanşist qüvvələr sülh müqaviləsinin imzalanmasına və Ermənistanın Azərbaycanla münasibətlərinin normallaşdırılmasına qarşı çıxaraq, ölkədə müharibə ab-havası yaratmağa çalışırlar. Ermənistanın əsas müxalifət partiyaları və bəzi radikal qruplar baş nazir Nikol Paşinyanı və onun hökumətini zəiflikdə və "millətin maraqlarını satmaqda" ittiham edərək, Ermənistan Konstitusiyasına ediləcək dəyişikliklərə qarşı çıxır və Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialarını davam etdirirlər. Məsələn, bir il əvvəl qondarma rejimin buraxılmasına imza atan Şahramanyan indi Azərbaycanla söz oyununa başlayıb.  Baxmayaraq ki,  Azərbaycan üçün bütün bu iddialar cəfəngiyyatdır və heç bir məna kəsb etmir, ancaq səsləndirilən bəyənatlar Ermənistan cəmiyyətində müharibə ab-havasının saxlanmasında mühüm rol oynayır. Ermənistan ölkəmizə qarşı əsassız iddialarından əl çəkməzsə Azərbaycan öz qanuni mənafelərini təmin etmk məqsədilə yeni şərtlər irəli sürə bilər. Məsələn, Azərbaycan mühacirətdə olan Qərbi Azərbaycan hökumətinin yaradılması təşəbbüsü ilə çıxış edə bilər. Bu zaman məntiqi olaraq  Qərbi azərbaycanlıların öz dogma dədə-baba yurdlarına qaytarılması məsələsi ortaya çıxacaq. Heç şübhəsiz ki, Ermənistan hökumətinin bu istiqamətdə iradəsizlik göstərməsi və revanşist qüvvələrin təzyiqinə məruz qalması sülh prosesinin uzadılmasına və regional sabitliyin pozulmasına səbəb ola bilər. Hansı ki, sülh müqaviləsinin imzalanması hər iki dövlət arasında davamlı sülhün təmin edilməsi üçün vacibdir.
Regionda və beynəlxalq almdə baş verən hərbi-siyasi qarşıdurma, xüsusən Ermənistanın yeni iddialarla çıxış etməsi zəmin yaradır ki, Qərbi Azərbaycan Hökumətinin mühacirətdə yaradılması barədə təşəbbüs irəli sürülsün. Əslində mühacirətdə Qərbi Azərbaycan Hökumətinin  yaradılması vaxtı çoxdan çatıb. Bunun üçün tarixi zərurət mövcuddur, ictimai-siyasi şərait yaranıb, üstəlik beynəlxalq hüquq da buna imkan verir. Belə bir addımın atılması həm də Ermənistanın ərazi iddialarına qarşı bir cavab olardı. Tarixdə beynəlxalq hüquq çərçivəsində mühacirətdə hökumətlərin yaradılması nümunələri kifayət qədərdir. Belə bir hökumətin yaradılması təcavüzkar və ya işğalçı dövlətlərin qeyri-qanuni hərəkətlərinə qarşı bir vasitə kimi istifadə olunub. Məsələn, İkinci Dünya Müharibəsi zamanı Polşa, Fransa, Norveç və digər Avropa ölkələrinin hökumətləri mühacirətdə fəaliyyət göstərmişdi və bu hökumətlər beynəlxalq aləmdə tanınmışdı.
Beynəlxalq hüquqda bir dövlətin başqa bir dövlətin ərazisinə dair iddialar irəli sürməsi və həmin ərazini qanunsuz olaraq işğal etməsi qəbul edilə bilməz. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və beynəlxalq hüquq prinsipləri ərazi bütövlüyü və suverenlik hüquqlarını qoruyur. Ermənistanın Azərbaycan ərazilərinə dair iddiaları BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri və digər beynəlxalq sənədlərə ziddir. Bu vəziyyətdə  Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun şəkildə öz ərazilərini müdafiə etməsi və Ermənistanın qeyri-qanuni hərəkətlərinə qarşı tədbirlər görməsi tamamilə qanunidir.
Ermənistanda revanşist qüvvələrin aktivləşməsi və hökumətin sülhə yönəlik addımlar atmaması regionda sabitliyi və təhlükəsizliyi ciddi şəkildə təhdid edir. Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz ərazilərini müdafiə etmək və Ermənistanın təxribatlarına qarşı müvafiq tədbirlər görmək hüququna malikdir. Qərbi Azərbaycan Hökumətinin mühacirətdə yaradılması Ermənistanın təcavüzkar və qeyri-qanuni hərəkətlərinə qarşı təsirli bir vasitə ola bilər. Beynəlxalq hüquq normaları bu cür addımların atılmasını mümkün və qanuni hesab edir.
Yeri gəlmişkən qeyd edək ki, artıq  Azərbaycanın belə bir təşəbbüslə çıxış etmək təcrübəsi var. 30 illik işğal dövründə erməni vandallarının ölkəmizə qarşı vurduğu maddi ziyanın hesablanması məqsədilə yaradılan işçi qrupu ixtisaslaşmış beynəlxalq qurumlarla əlaqəli şəkildə işləyirdi. Qərbi Azərbaycan hökumətinin yaradılması məqsədilə yaradılacaq komissiyaya da nüfuzlu beynəlxalq təşkilatlar cəlb edilə bilər. Bu zaman ortaya qoyulan nəticə beynəlxalq hüquqa uyğunluq təşkil edər. Paralel olaraq, yeni parlamentin formalaşması zamanı Qərbi Azərbaycan hökumətinin formalaşması üçün xüsusi komissiyanın yaradılması reallaşdırıla bilər. Bunun üçün Qərbi Azərbaycandan olan, qaçqın həyatı yaşamış, hətta körpə olarkən Qərbi Azərbaycandan valideynləri ilə  çıxmağa məcbur olmuş deputatlar daha fəal olmalıdırlar. Əks halda, hər ilin sentyabrında Ermənistanın yeni iddialarının şahidi olacağıq.

Alim Hüseynli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31