Tehran yenə Zəngəzur dəhlizinə “qırmızı xətt”i kimi baxır
6 Sentyabr 2024 11:22 SiyasətMolla rejimi Avropa imperialist dairələrin alətinə çevrilib
Avropa imperialist dairələrinin təsiri altında olan İran molla rejimi birmənalı olaraq Zəngəzur dəhlizinin açılmasına qarşı çıxır. Əslində, Avropa koalisiyasının alətinə çevrilən İran İslam Respublikası bununla Avropa və Amerikanın sözünü demiş olur. Başqa sözlə, Qərb Cənubi Qafqazda siyasətini İran vasitəsilə həyata keçirir. Bu, molla rejiminin qonşu dövlətlərlə bağlı yürütdüyü siyasətdən açıq-aydın sezilir. Necə olur ki, İran Amerikanı özünün əzəli və barışmaz düşməni elan edir, lakin düz sərhədində Ermənistanla hərbi təlimin keçirilməsinə göz yumur? Yaxud, Amerika hərbçiləri Zəngəzur dəhlizində yerləşdirilir, İranın isə çınqırı belə çıxmır. Rusiya Zəngəzur dəhlizinin açılması ilə bağlı İrəvanla danışıqlar aparanda isə dərhal "qırmızı xətt" məsələsini qabardan İran az qalır diplomaik nota versin. Sözdə Cənubi Qafqazda sülh və sabitliyin hökm sürməsində maraqlı olduqlarını, regiondakı problemləri bölgə ölkələrinin özlərinin həll edəcəyini bəyan edən molla rejiminin rəsmi şəxsləri təəssüf ki, əməldə fərqli mövqe ortaya qoyurlar. Bu yanaşma Ermənistan və Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının açılması məsələsinə münasibətdə də özünü əyani şəkildə göstərir. Məlum olduğu kimi Zəngəzur dəhlizinin açılması bütün bölgə dövlətlərinin olduğu kimi İranın da iqtisadi inkişafına təkan verəcək. Lakin ciddi iqtisadi sanksiyalara məruz qalan İran dövlətin və millətin maraqlarından deyil, Qərbin maraqlarından çıxış edir. Belə ki, rəsmi Tehran İrəvanın 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndi ilə üzərinə götürdüyü və 4 ilə yaxındır icra etmədiyi öhdəliyi yerinə yetirməsinə əngəl yaradır. Halbuki, sözügedən bənddə bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa ediləcəyi, Ermənistan tərəfinin vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verəcəyi, nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanlarının həyata keçirəcəyi açıq-aydın əksini tapıb. Eyni zamanda, qeyd edilib ki, tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin olunacaq. Çox təəssüf ki, İran sadalanan öhdəliklərin icrasını özü üçün təhdid hesab edir. Hər dəfə kommunikasiyaların açılması məsələsi aktuallaşanda özünü Ermənistanın süverenliyinin təminatçısı kimi aparır.
Elə bu dəfə də Rusiya səfiri ilə İran Xarici İşlər Nazirliyində görüşdə rəsmi Tehran Zəngəzur dəhlizinə qarşı çıxdığını açıq bəyan edib. Üstəlik dəhlizin açılması üçün özünün şərtlərini ortaya qoyub. Politoloq Turan Rzayev bildirib ki, Rusiya prezidenti Vladimir Putinin Bakı səfəri ətrafında müzakirələr hələ də davam edir: "Jamaz.info xəbər verir ki, bu səfərin bir çox məziyyətlərindən bəhs olunsa da, son günlər İran mediası əsas müzakirə mövzusunun Zəngəzur dəhlizi olduğunu iddia edib. "İran İnternational" telekanalının yaydığı xəbərdə isə bildirilir ki, indiyə qədər Ermənistanla yaxın əlaqələrə malik Tehran hakimiyyəti Zəngəzur dəhlizinin açılmasına etiraz etsə də, Rusiyanın vasitəçiliyi ilə məsələ həllini tapıb. TV iddia edib ki, Rusiya İranı Zəngəzur dəhlizinin açılmasına razı salıb və Putinin Bakıya gəlməsi də bu məsələ ilə bağlı olub. Məhz bundan sonra İranla Rusiya arasında soyuqluq yaranıb. Tehran Moskvanın Zəngəzur dəhlizinin açılmasına dəstək verməsindən narahatdır. Təsadüfi deyil ki, buna görə İran Xarici İşlər Nazirliyinin Avrasiya Baş İdarəsinin rəisi Müctəba Dəmirçilu Rusiyanın Tehrandakı səfiri Aleksey Dedovla bir araya gəlib. İran XİN rəsmisi bildirib ki, Tehran beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsinə və istənilən geosiyasi dəyişikliyə qarşı çıxır. Qeyd olunub ki, tərəflər "3+3" formatında gələcəkdə keçiriləcək iclas və İran, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin görüşü haqqında fikir mübadiləsi aparıblar".
Onun sözlərinə görə, İranda prezidentin dəyişməsinə baxmayaraq, gözlənildiyi kimi, xarici siyasətdə ciddi korrektələr edilməyib: "Yəni, Tehran yenə Zəngəzur dəhlizinə "qırmızı xətt"i kimi baxır. Əslində, Tehranın Moskvaya etirazı onu deməyə əsas verir ki, bu "qırmızı xətt" təkcə Bakıya qarşı yox, dəhlizin açılmasında maraqlı olan bütün qüvvələrə çəkilib.Tehran yaxşı bilir ki, dəhlizin açılması Ermənistanın beynəlxalq hüquqla tanınan ərazilərini dəyişdirməyəcək. Yəni, 10 Noyabr bəyanatında da maneəsiz hərəkətdən bəhs olunur, hər hansı ərazi ilhaqından deyil. İranın Avropa bazarına əsas qapısı məhz Ermənistan üzərindədir. Tehranın Zəngəzurdan keçən yol ilə Gürcüstana, buradan Poti və Batum limanları ilə Avropa bazarına çıxışı var. İran-Ermənistan sazişlərinə görə iki ölkə arasında gömrük rüsumları azdır. Bəzi məhsulların keçidi isə yoxlanışsız, pulsuzdur. Dünya narkotik ticarətində əsas keçid nöqtəsi buradır.
İran onsuz da 44 günlük müharibədən sonra narkotik bitkilərin becərildiyi Qarabağdan məhrum oldu. İndi də bu biznesin əsas ixrac yolunu itirmək istəmir. Tehran bilir ki, dəhliz açılarsa, bura nəzarət Rusiyada olacaq. Rusiya isə Ermənistanla İran arasında imzalanan sazişləri, güzəştləri tanımayacaq. Ən azından İranın əsas narahatlığı budur. Müctəba Dəmirçilu ilə Aleksey Dedov arasında bu məsələlərin müzakirə edilməsi istisna deyil. O ki qaldı tərəflərin "3+3" formatında gələcəkdə keçiriləcək iclas və İran, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin görüşü haqqında fikir mübadiləsi aparmasına, bu, Kremlin təklifdir. Rusiya İranın narahatlığını bilir və aradan qaldırmaq üçün belə görüş təklif edir. Bu görüş həm də Zəngəzurun statusunun necə olacağını müəyyən edə bilər. Yəni, tərəflərin maraqları nəzərə alınaraq dəhliz açıla bilər".
Nurlan