Paşinyanın açıqlamaları, ya həqiqətlərin tənəzzülə uğradılma cəhdləri?- ÖZƏL
1 Sentyabr 2024 15:41 Siyasət"Tarix boyu siyasi xadimlər zəruri və faydalı hesab etdikləri dönəmlərdə yalan danışmış, cəmiyyəti aldatmış, həqiqətləri təhrif etmiş, bütövlükdə ritorikalarında və fəaliyyətlərində aldatmanın müxtəlif üsul və metodlarına əl atmışlar. Onu da qeyd etməliyik ki, bu cür davranışlar ictimai narahatlığı get-gedə artırmış, siyasi müstəvidə isə hansı amal və məqsədə xidmət etməsindən, hansı siyasi bloka və qütbə bağlı olmasından asılı olmayaraq siyasi fiqura qarşı etimadı azaltmışdır".

Bu fikirləri politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:
"Bununla da siyasi fiqur danışa biləcəyi yalanın, əl atacağı manipulyasiyanın qırmızı xəttinə çataraq onu hansı həddə qədər aşa biləcəyinin ehtimalını verərək öz xarakteri haqqında da məlumat vermiş, imicini formalaşdırmışdır. Ermənistanın baş naziri Nikol Paşinyan, görünür, yalanlarla dolu ritorikasını sərf etmək üçün bu anı ən məqbul zaman kimi dəyərləndirdi. Hər halda heç nə yox, onun son fikirləri bunu deməyə əsas verir. Paşinyanın açıq-aşkar yalan iddialarını, ya da açıqca "həqiqət" kimi təsvir etdiyi yalanların cədvəlini tərtib etsək Rixter şkalası üzrə erməni tarixinin Cənubi Qafqazda başlamayan başlanğıcından start götürərək ondan asılı olan, ilhamlanan və tarix boyu uydurulan, xəyal edilən "Böyük Ermənistan" röyasının amplitudları əsasında təyin edilən maqnituda şkalasının ən yüksək pilləsində qərarlaşdığını görərik. Paşinyanın yalanlarının həm tərzi, həm də miqyası siyasətçilər arasında bir qədər "unikaldır". Bu unikallıq yaradılmış yeni reallıqda və yola çıxılan siyasi tendensiyalarda yeni narahatlıqlar doğurur. Çünki bu mənfi tendensiyaların hər biri erməni cəmiyyəti üçün nə qədər acı olsa da, reallıqdan çox kənara çıxır. Əslində isə cəmiyyətin ağzının dadı bilərəkdən pozularaq acılı-şirinli deqradasiyaya məruz qoyulur.
Başlayaq, lakin fikrim Paşinyanın açıqlamaları zamanı səsləndirilən, sərf edilən ritorika ilə deyil, tarixi faktla başlamaqdır. BMT Təhlükəsizlik Şurası İraqın Küveyti işğal etməsindən dərhal sonra 6 avqust 1990-cı ildə İraqa qarşı hərtərəfli iqtisadi sanksiyalar tətbiq etdi. Növbəti il koalisiya müharibəsi İraqı Küveytdən sıxışdırdıqda da Şura sanksiyaları ləğv etmədi və onları İraqın tərksilahı və digər məqsədlərə nail olmaq üçün təzyiq vasitəsi kimi qüvvədə saxladı. Bu addım bir sıra məsələlərlə yanaşı, ən önəmlisi humanitar böhran yaratdı, ciddi islahatlara mane oldu. Başlamaq bax indi yerinə düşür ki, Paşinyan işğalçı dövlətlə işğala məruz qalan dövlət arasında fərqi guya hələ də anlamır. 30 il torpaqları işğal olunan Azərbaycan idi. Heç nə deyil, məhz bu tarixi faktın, mənfi tendensiyanın özü məsələyə əsas gətirir. Heç bir tərəf 30 il öncəki və o perioddakı hadisələrin, belə bir halın yaşanmayacağı ilə bağlı zəmanət vermir. Məhz zamanında embarqo tətbiq edən, Ermənistanı isə ürəkləndirən, indi də silahlandıran dairələr məsuliyyət daşıyırlar. Məhz o dairələr silahlandırmaq əvəzinə, zəhmət çəkib indi də Ermənistan üzərində nəzarət mexanizmi yaratmalıdır.
Ermənistan Fransadan, ABŞ-dan, Hindistandan və başqa ölkələrdən öldürücü silahlar alır. Sual olunur ki, ehtiyac olmadığı halda niyə buna zərurət süni formada yaradılır? Deməli, regionla bağlı çirkli planlara davam edilir. Keçək ona ki, Azərbaycan İtaliyadan nəqliyyat xarakterli təyyarə aldığı halda ki, bu da silah deyil, Paşinyan bunu silah-sursat kimi təqdim edərək faktları fərqli təqdim edir, ictimai rəyin formalaşmasında yalançı emosiya və havadarları vasitəsilə yaradılmış şəxsi "inama" müraciət edərək həqiqətləri təhrif edir. Ermənistanla Azərbaycanı bir neçə göstərici və statistik fiqur üzrə müqayisə edərkən fərq məlumdur. Belə olduğu təqdirdə Azərbaycan ÜDM-sinin 4 faizini hərbi məqsədlərə sərf edirsə, Paşinyan burda da rəqəmlərlə "rəqs edərək" manevrlar edir ki, şousu 17 faiz üzərində qurulur.
Ermənistanın hərbi məqsədlərə gedən ÜDM faizi bir yana, görünməyən büdcə vəsaitləri də dəfələrlə ifşa olunub. Məqsədinin hara sərf olunduğu bilinsə də, ÜDM-nin cəmiyyətə getmədiyi daha dəqiqdir. Tarix boyu Azərbaycan xalqının alnında işğalçı ləkəsi olmayıb. Odur ki, Konstitusiyamıza dil uzadınca xalq referenduma getsin və erməni cəmiyyətinin qanunlarından birdəfəlik, yaddaşından isə hədəf kimi müəyyənləşdirilən miatsum xəyalları tədricən çıxsın. Qarabağın Ermənistana aid olmadığının etirafını edən ilk erməni siyasətçisi Paşinyan olmasa da, yolu yeniləmişdi, onu referendumla genişlətmək, qanqallardan təmizləmək olar. Axı bir yerdən başlamaq lazımdır. Minsk Qrupu da bu qəbildən.
Bir sözlə, Paşinyan yenə də çıxışını yalan, manipulyasiya, regional həqiqətləri təhrif etmək üzərində qurdu. Bu mənfi tendensiyadır, reallıqdan nəinki çox kənara çıxır, onunla heç bir əlaqəsi yoxdur.
Zəngəzur məsələsinə gəldikdə isə Naxçıvanın blokadası illərdir, Paşinyan hakimiyyətə gəldikdən sonra da davam edir. Blokadanın açılmasında isə Ermənistanın maraqları çərçivəsindən dəyərləndirilmə ola bilməz. Tarix onu dəfələrlə sübut edib, məntiq isə onu diktə edir ki, Azərbaycan öz vətəndaşlarını Ermənistanın ümidinə buraxa bilməz".
Zeynəb Rzayeva