Bakı və İrəvan arasında vasitəçiyə ehtiyac yoxdur

Azərbaycanın özü Rusiya və Ukrayna arasında danışıqlar üçün platforma rolunu üzərinə götürə bilər

Müstəqilliyin bərpasından sonrakı ilk illərdə Azərbaycan-Rusiya əlaqələrinin inkişaf səviyyəsi bir o qədər də asan olmayıb. Lakin Azərbaycanın ümummillli lideri Heydər Əliyev hakimiyyətə gəldikdən sonra vəziyyət yaxşılığa doğru dəyişməyə başlayıb. Məhz 1993-cü ilin yayından müstəqil Azərbaycana rəhbərlik etməyə başlayan Heydər Əliyev Rusiya ilə dostluq münasibətlərinin qurulmasında mühüm rol oynadı, iki ölkə arasında strateji tərəfdaşlığın əsaslarını qoydu. Hazırda prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Dövlət başçılarının qarşılıqlı səfəri iki ölkə arasında əməkdaşlığın inkişafına müsbət təsir edir. Milli Məclisin depuatı Musa Qasımlı qeyd edib ki, Rusiya  Federasiyasının Prezidenti Vladimir Putinin ölkəmizə dövlət səfəri, cənab Prezidentimiz İlham Əliyev tərəfindən qəbul olunması, müxtəlif formatda keçirilən danışıqlarda müzakirə edilən məsələlər və imzalanan sənədlər qarşılıqlı münasibətlərin yüksək səviyyəsindən xəbər verir: "Azərbaycan-Rusiya münasibətlərini bir sıra amillər şərtləndirir. Bu münasibətlər  qədim və zəngin dövlətçilik tarixinə və mədəniyyətinə sahib olan millətimizin minilliklər boyu formalaşmış milli-mənəvi dəyərləri, ənənələri əsasında yaradılmış dövlətimizin sülhsevər xarici siyasətinin mahiyyətindən irəli gəlir. Prezident İlham Əliyevin liderliyində Azərbaycan dövləti ayırıcı, intriqalar yaradan deyil, birləşdirici, əməkdaşlığa cəlb edən gücdür. Azərbaycan bütün qonşuları, o cümlədən Rusiya ilə mehriban münasibətlərə daim tərəfdar olub, bundan ötrü özündən asılı olnaları edib və hazırda şimal qonşumuzla qarşılıqlı müttəfiqlik münasibətləri mövcuddur. Dövlətimiz heç bir zaman qonşulara qarşı digər ölkələrin əlində alət olmayıb, yalnız milli maraqlarımıza əsaslanan siyasət yürüdüb. Bu siyasət də uğur gətirib. Rusiyanın Azərbaycanda, Azərbaycanın da Rusiyada geniş ticarət-iqtisadi maraqları vardır. Hazırki şəraitdə Azərbaycanın Rusiya üçün əhəmiyyəti əvvəlki dövrlərlə müqayisədə daha da artıb. Bu ölkədə çoxmilyonlu Azərbaycan diasporu yaşayır. İki ölkə arasında humanitar əməkdaşlıq da genişdir".
Onun sözlərinə görə, səfər zamanı imzalanan sənədlər münasibətləri dərinləşdirir və yeni imkanlar açır. Ötən illərin təcrübəsi göstərir ki, Cənubi Qafqazda şərait bir çox hallarda Azərbaycan və Rusiya arasında münasibətlərin səviyyəsindən asılıdır. Birgə mətbuat konfransında cənab Prezidentimizin dediyi aşağıdakı fikirlər qarşılıqlı münasibətlərdə keçilən yolu, mövcud vəziyyəti və perspektivləri özündə əks etdirir: "Biz, eyni zamanda, məhdud formatda keçirilən görüşdə regional təhlükəsizliklə bağlı məsələləri müzakirə etdik. Ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yaranıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Təbii ki, yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır". Səfər zamanı digər bir mühüm məsələ müzakirə edildi. Bu da Azərbaycanı da Hind okeanının isti sularına çıxaracaq strateji əhəmiyyətli Şimal-Cənub layihəsinin həyata keçirilməsinə dair məsələdir. Bu yolun işə düşməsi Azərbaycanın dünya siyasətində rolunu artıracaq, yerini möhkəmləndirəcək, dövlət büdcəsinə əlavə vəsaitlər daxil olacaq, iş yerləri yaradılacaq və insanların rifah halı daha da yaxşılaşacaqdır. Mətbuat konfransında Vladimir Putinin dediyi belə bir fikir Azərbaycan dövlətinin region və dünya siyasətində rolunun artdığını bir daha təsdiq edir:"...danışıqlarda regional gündəliyə dair, təbii ki, Azərbaycanın Xəzər regionunda və Cənubi Qafqazda oynadığı rol nəzərə alınaraq, bir sıra məsələlər də müzakirə olunub. Aktual beynəlxalq mövzulara da toxunulub". Bütün hallarda Vladimir Putinin dövlət səfəri qarşılıqlı münasibətləri daha da dərinləşdirəcək və nəticələri qarşılıqlı fayda verəcəkdir".
Siyasi şərhçi Asif Nərimanlı qeyd edib ki, Əliyevlə Putinin mətbuata bəyanatlarında diqqətçəkən əsas məqamlardan biri Azərbaycan-Ermənistan danışıqları ilə bağlı idi. Azərbaycan Prezidenti bəyanatında bu məsələyə toxunmadı, çünki rəsmi Bakı İrəvanla danışıqlarda ikitərəfli formata üstünlük verir: "Rusiya isə Bakı-İrəvan xəttindəki bütün danışıqlara-sülh sazişinin imzalanmasına, uzunmüddətli proses olan delimitasiya prosesinə, kommunikasiyanın açılmasına və digər humanitar məsələlərə qoşulmaq istəyir. Putin bəyanatında bunu dilə gətirdi. Bunun Moskvanın regional maraqlarından qaynaqlandığı bəllidir, lakin Rusiya da daxil olmaqla istənilən üçüncü tərəfin müdaxiləsi bölgədə maraqlı olan bütün oyunçuların prosesə qoşulmasına, nəticədə sülh danışıqlarının geosiyasi mübarizəyə çevrilməsinə səbəb olur. Son 4 ilin təcrübəsi bunu təsdiq edib. Və bu, Bakının maraqlarına uyğun deyil. Əliyevin məsələyə toxunmaması və üzərindən səssiz keçməsi də bununla bağlı idi. Mövcud vəziyyətdə Bakı və İrəvanın vasitəçiyə ehtiyacı yoxdur, əksinə, bu gün Azərbaycanın özü Rusiya və Ukrayna arasında vasitəçilik edə, danışıqlar üçün platforma rolunu üzərinə götürə bilər. Bunun üçün lazım olan hər şeyə - hər iki tərəflə münasibətlərə, tərəflər arasında körpü olmaq potensialına və qlobal danışıqlara ev sahibliyi etmək təcrübəsinə malikdir".
YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev bildirib ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ölkəmizə rəsmi səfəri, aparılan müzakirələr və imzalanan sənədlər göstərdi ki, hər iki ölkə başçısının mətbuata bəyanatlarla çıxış etməsi Rusiya Federasiyası ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olmasının nümunələrindən biri hesab edilməlidir: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin söylədiyi fikirlər, Rusiya ilə iqtisadi-ticari, eləcə də hunanitar sahədə əməkdaşlıq, həmçinin regional təhükəsizliyə və ekoloji problemlərə dair birgə müzakirələr göstərir ki, bundan sonra da münasibətlər yüksələn xətt üzrə inkişaf edəcəkdir. Müasir Rusiya-Azərbaycan münasibətlərinin daha da inkişaf edəcəyini diqqətə çatdıran cənab İlham Əliyev Rusiya və Azərbaycanın təkcə böyük nəqliyyat layihələri həyata keçirmədiyini, həm də "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında fəal iştirakını qeyd edərək, həm iqtisadi, həm siyasi, enerji, humanitar və bir çox digər sahələrdə fəal əməkdaşlığın bundan sonra davam və inkişaf etdiriləcəyini bildirmişdir: "Azərbaycanın ərazisində "Şimal-Cənub" dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək üçün onun dəmir yolu sahəsinin modernləşdirilməsi ilə məşğuluq. Biz ildə 15 milyon ton və daha çox - 30 milyon tonadək yüklərin daşınması imkanlarından danışırıq və bu, tamamilə realdır. Ümidvaram ki, hazırkı şəraitdə Rusiya və Azərbaycan, həmçinin bu dəhlizin digər iştirakçıları birgə səylərlə öz fəaliyyətini davam etdirəcəklər."
Hazırda iki ölkə iqtisadi, siyasi, mədəni sahələrdə sıx əlaqələrə malikdir. İldən-ilə ölkələr arasında ticarət dövriyyəsi yüksəlir, hər iki ölkənin iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinə çox böyük marağı var. Azərbaycanla Rusiya arasında iqtisadiyyat və humanitar sahələrin əksər sferalarını əhatə edən 7 yol xəritəsi uğurla icra olunur. Azərbaycanda rus dilində tədris aparılan 324 məktəb var, onlarda 160 min şagird təhsil alır. 800 mindən çox şagird rus dilini ikinci dil kimi öyrənir. Azərbaycanın 26 ali təhsil müəssisəsində 15 mindən artıq tələbənin təhsil aldığı rus dili bölmələri var. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir. İki ölkə rəhbərinin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan-Rusiya münasibətləri bu gün strateji tərəfdaşlıq xarakteri daşıyır. İkitərəfli əlaqələrin inkişaf dinamikası olduqca müsbətdir. Tərəflər qarşılıqlı əlaqələrin bütün istiqamətlər üzrə inkişaf səviyyəsinin yüksəldilməsində maraqlıdır".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31