Ermənistan yenə uzatmalar və söz oyunlarına gedir?- ÖZƏL

Əli Zülfüqaroğlu: "Ermənistan hökumətinin Qərbin təzyiqlərinə tab gətirəcəyini düşünmürəm"

Cənab Prezident İlham Əliyevin Ermənistanın qarşısına qoyduğu iki əsas öhdəlik məlumdur. Bunlardan biri Konstitusiya dəyişikliyi, digəri isə ATƏT-in Minsk Qrupunun ləğv olunması ilə bağlı Ermənistanın da quruma rəsmi müraciət ünvanlamasıdır. Bunun fonunda Ermənistan Xarici İşlər Nazirliyinin ən son "Azadlıq" radiosunun sorğusuna cavabında "İrəvan Minsk prosesini ilk növbədə sülh müqaviləsinin bağlanması kontekstində davam etdirməyi nəzərdən keçirə bilər" fikrini necə başa düşmək olar? Bu, o deməkdir ki, sözügedən siyasi təsisatın ləğv olunması ilə bağlı müraciət nəhayət ki, baş tutacaq? Yoxsa Ermənistan yenə də uzatmalara və söz oyunlarına gedir?

Məsələni Olaylar.az-a şərh edən siyasi şərhçi Əli Zülfüqaroğlu qeyd edir ki, sülh danışıqları prosesində ən istəkli tərəf Azərbaycandır. Halbuki Ermənistan daha çox sülh prosesində aktiv olmalı idi. Çünki bütün oyunlar hazırda Ermənistanın başı üzərindən oynanılır və bu proses Ermənistanın dövlətçiliyini təhdid altına salır:

"Azərbaycanın sülh sazişinin imzalanması üçün əsas tələbləri ondan ibarət idi ki, konstitusiya dəyişilməli, ATƏT-in Minsk qrupu de-yure ləğv olunmalı və Zəngəzur dəhlizi açılmalı idi. Bilirsiniz ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı müxtəlif maraq toqquşmaları var. Xüsusilə dəhlizə nəzarət uğrunda Rusiya və ABŞ arasında ciddi rəqabət gedir. Bu isə sülh danışıqları prosesinə mənfi təsir edən başlıca amillərdəndir. ABŞ də bu istiqamətdə Azərbaycanla bir sıra müzakirələr apardı ki, bu məsələdə Qərbin maraqları təmin olunsun. Azərbaycan təbii ki, öz maraqlarını əsas tutaraq bu təzyiqlərin heç birinə boyun əymədi və beləliklə, Azərbaycan öz maraqlarının öndə olmasını şərtləndirən bütün imkanlarından istifadə etdi. Amma o da məlumdur ki, Zəngəzur dəhlizi ilə bağlı geosiyasi maraq toqquşmaları Ermənistana təzyiqləri artırır və Ermənistan hökuməti öz iradəsi çərçivəsində deyil, Qərbin diktəsi ilə hərəkət edərək Qərbin maraqlarını təmin edir. Eyni zamanda, burada uzaq perspektivə hesablanan müəyyən xəyali hədəfləri müəyyənləşdirərək imitasiya xarakterli görüşlərin davam etdirilməsinə səy göstərir. Təbii ki, bu da sülh prosesini əngəlləməklə yanaşı, eyni zamanda zaman keçdikcə üçüncü qüvvələrin prosesə daxil olması və beləliklə də növbəti eskalasiya risklərinin yaranması, bölgənin qarışıqlıq mərkəzinə çevrilməsinə şərait yaradırdı. Bu baxımdan Azərbaycan Zəngəzur dəhlizinin qmılmasının da sülh sazişindən sonraya saxlanması ilə bağlı razılığa getdi. Bununla da Ermənistanın üzərindən öz geosiyasi maraqlarını təmin etməyə çalışan üçüncü qüvvələri oyundan kənar vəziyyətdə qoydu. Beləliklə də Azərbaycanın hazırda iki əsas tələbi var: 
İlkin olaraq sülh sazişin imzalanması üçün Ermənistanın konstitusiya dəyişikliyinə getməsi. Konstitusiya dəyişikliyinə gedilmədən sülh sazişinin imzalanması mümkünsüzdür. Çünki beləçolduqda sülh sazişinin əhəmiyyəti də azalır. Bəllidir ki, Ermənistandakı növbəti hakimiyyətlər dönəmində sülh sazişi qanunsuz sayılaraq asanlıqla pozula bilər. 
Digər tərəfdən, ATƏT-in Minsk qrupunun ləğv olunması məsələsi var. Minsk qrupu de-fakto yoxdur, onun görəcəyi işi Azərbaycan həyata keçirib. Eyni zamanda, Minsk qrupu həmsədrləri bütün gücü ilə çalışırdı ki, işğal dönəmindəki status-kvo saxlanılsın, beləliklə də bu münaqişədən istifadə edərək bölgədə öz maraqlarını təmin etsinlər. Azərbaycan bu problemi həll edəndən sonra Minsk qrupunun bu imkanları da əldən çıxıb. Biz, xüsusilə müharibənin gedişində həmsədrlərdən biri olan Fransanın göstərdiyi reaksiyalara nəzər salsaq, Minsk qrupunun əslində problemin həll olunmasına  deyil, əksinə  davam etdirilməsinə çalışdığını açıq şəkildə gördük. Təbii ki, burada Minsk qrupunun ləğv olunması Fransa və ABŞ-nin maraqlarına qarşıdır. Minsk qrupu vasitəsilə hər iki dövlət bölgəyə daxil olmağa çalışır. Rusiya üçün isə Minsk qrupunun elə də bir əhəmiyyəti qalmır, çünki Rusiya region dövlətidir və hələ ki Ermənistana kifayət qədər hakim durumdadır. Bu baxımdan Ermənistana çox ciddi şəkildə təzyiqlər olacaq ki, Minsk qrupunun de-yure ləğv olunması həyata keçirilməsin. Ona görə də hesab edirəm ki, Ermənistan özü istəsə belə ki, Minsk qrupu tez bir zamanda ləğv olunsun, Qərbin təzyiqlərinə hazır olmalıdır. Ermənistan hökümətinin Qərbin təzyiqlərinə tab gətirəcəyini düşünmürəm. Bu baxımdan, yaxın perspektiv üçün Ermənistanın konkret olaraq Konstitusiya dəyişikliyinə gedəcəyi, Minsk qrupunun ləğvi ilə bağlı konkret addımlar atacağı ehtimalı azdır. Bu, sülh prosesin tez zamanda müsbət nəticə verməyəcəyi anlamına gəlir. Belə bir durum da, ilk növbədə Ermənistanın maraqlarını təhdid edir, dövlətçiliyini sual altına salır. Bu səbəbdən bu proses nə qədər tez həyata keçərsə, Ermənistan bundan o qədər  qazanclı çıxacaq".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31