Bu gün Azərbaycanda dövlətçilik düşüncəsi azərbaycançılıq ideologiyasına söykənir

İstiqamət: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

"Dövlətçilik tariximiz Azərbaycanın həm siyasi tarixinin, həm də ümumi tarixinin ən vacib istiqamətidir. Bunun üzərində dövlət qurulur. Bu eyni zamanda, Azərbaycan xalqının əsrlərlə yaşatdığı və uğrunda hər cür mücadilə verdiyi mübarizənin tarixi deməkdir. Xalqın böyük və ülvi amalları ilə bağlı məsələdir. Eradan əvvəlki dövrlərdən başlamış ta indiyə qədər Azərbaycan xalqı və Azərbaycanda yaşamış ən müxtəlif türk kökənli xalqlar, azlıqlar bu coğrafiyada dövlətin olması və yaşaması naminə özlərini hər cürə fəda etməyə hazır olublar. Təsadüfi deyil ki, Azərbaycanın bu gün olduğu coğrafiyada tarixlər boyu, yəni eradan əvvəl birinci minilliyin əvvəllərindən başlamış ta indiyə qədər mövcud olmuş, zaman-aman öz yerini başqasına vermiş dövlət birləşmələrinin, imperiyaların sayı qədər heç bir xalqın, dövlətin coğrafiyasında dövlətlər olmayıb. Bu nöqteyi- nəzərdən, Azərbaycan əslində öz dövlətçilik tarixinin həm xronoloji zənginliyi, həm də bu coğrafiyadakı dövlətlərin sayına görə qürur hissi keçirə bilər. Ona görə də, Azərbaycan dövlətinin bu gün dövlətçilik tarixinin kütləvi informasiya səhifələrində, mediada araşdırılması və bununla bağlı maarifçi yazıların, jurnalist araşdırmalarının aparılmasına maliyyə ayırması olduqca təqdirəlayiq faktdır. Bu, bir daha onu göstərir ki, bizdə dövlət quruculuğu, tarixiliyi, azərbaycançılığı, dini, milli, ideoloji kökləri özündə əks etdirən dövlətçilik şüurunun üzərində qurulmaqdadır".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

"Dövlətin, hakimiyyətin dövlətçilik tariximizin araşdırılmasına dövlət vəsaiti ayırması və bu işin kütləvi informasiya vasitələrində dövlətin himayəsi altında aparılması olduqca vacib və əhəmiyyətli məqamdır. Düzdür, dövlətçilik tariximizi öyrənən başqa qurumlar da var. Peşəkar elmi müstəvidə akademiyanın müxtəlif institutları, müxtəlif təhsil universitetlərində aparılan tədqiqatlar da dövlətin himayəsi altındadır. Amma kütləvi informasiya vasitələrində, mediada, dövlətin himayəsi altında aparılan bu prosesin özəl bir mənası və əhəmiyyəti var. Çünki burada söhbət bizim dövlətçilik tariximizin akademik faktoloji müstəvidə araşdırılmasından daha çox və yaxud da ki, bununla paralel olaraq onun kütləvi publisist dildə araşdırılması və topluma, cəmiyyətə çatdırılmasıdır.
Məsələn,  qədim Midiyanın, qədim Mannanın, qədim Atropatenanın, Azərbaycan ərazisində olmuş digər dövlətlərin, lap elə orta əsrlərdə Səfəvilər dövlətinin və s. tarixlərinin faktoloji akademik müstəvidə araşdırma materialları cəmiyyət tərəfindən, geniş kütlələr tərəfindən o qədər də yaxşı mənimsənilməyə bilər. Amma mediada, mətbuatda, saytlarda bu məsələnin araşdırılması, yəni populyar, publisist dildə araşdırılaraq çatdırılmasının özəl bir təsiri var və dövlətçilik tarixinin həm öyrənilməsi, həm də dövlətçilik tarixinə bizim cəmiyyətimizin bağlanması, cəmiyyətin malına çevrilməsi nöqteyi nəzərindən bu əvəzsiz bir üsuldur.
Əlbəttə, dövlətçilik tariximizin mediada öyrənilməsinə, araşdırılmasına müxtəlif kontekstlərdə yanaşmaq lazımdır. Bizim dövlətçiliyimiz müxtəlif mərhələlərdən keçib. Belə deyək ki, şərti yanaşsaq, sovet hakimiyyətinə, yəni 1918-ci ilə qədər bizim tariximizə ayrı bir baxış olub. Sovet hakimiyyəti qurulandan sonra milli dövlətçilik tariximizə ayrı baxış olub. Ancaq Azərbaycanın müstəqilliyindən sonra isə dövlətçilik tariximizə və onun ayrı-ayrı məsələlərinə baxış köklü şəkildə fərqlənir. Bu dövrlərin hər birinin özünəməxsus xüsusiyyətləri olub. Müsbət cəhətləri ilə bərabər xalqımıza, milli dövlətçilik tariximizin obyektiv mənzərəsinə düşmən və ziyanlı münasibətlər olub. Əlbəttə, bunlar bizim tariximizdir, tariximizə yanaşmalardır. Məsələn, qədim dövlətçilik tariximizə baxışlar əsasən, Azərbaycanı dövlətçilik tarixi nöqteyi nəzərindən fars kökənli qurumlara bağlamaq cəhdi olub. Xüsusilə də qədim tariximizin Stalinin göstərişi ilə Azərbaycanda da müəyyən alimlər tərəfindən araşdırılması və əsasən dövlətçilik tariximizin kökünün fars kökəninə bağlanması bir hakim tendensiya olub. Bu, əlbəttə çox ziyanlı idi və bizim milli dövlətçilik tariximizin ən qədim köklərinin araşdırılmasına lazımi qədər imkan verməyib. Və yaxud da ki, qədim türk kökənli şumer dövlətçilik tarixinin öyrənilməsinin də Azərbaycana yad bir mövzu kimi təqdim olunması çox böyük ziyanlı rol oynadı.
Bundan başqa, orta əsrlərdə, məsələn, Səfəvilər dövləti, xanlıqlar dövrünü sovet dövründə tamam başqa cür təqdim edirdilər. Feodal dağınıqlığı dövrünü əhalinin, kəndlilərin istismar dövrü kimi qələmə verirdilər və ilkin xanlıqları Azərbaycanın həmin dövrə uyğun olan əslində mütərəqqi dövlət quruluşu, dövlət birlikləri olan subyektlər kimi təqdimatına imkan vermirdilər. Hardasa bunu da aqressiv şəkildə təqdim edirdilər və xanlıqların içərisində yalnız bir neçəsinə müsbət baxış var idi ki, məsələn, Qarabağ xanlığına, Quba xanlığına, hansılar ki, Rusiyaya münasibətdə daha loyal mövqedə olduqlarına görə bunlara nisbətən mütərəqqi müstəvidə baxırdılar. Amma əlbəttə, xanlıqların özləri də dövrə görə bir dövlət qurumları olsalar da, amma özünün obyektiv qiymətini ala bilmədilər. Məsələn, heç vaxt lazımi dəyər verilmədi ki, Azərbaycan xanlıqları dövlətçiliyin bütün atributlarına malik idi, maraqları, gerbləri, hətta bəlkə bəzilərinin himni də var idi. Amma dövlət atributlarını əks etdirmək baxımından onlar dövrə görə kamil dövlət birlikləri, qurumları sayıla bilərlər. Ancaq sovet dövründə bizim dövlətçilik sistemimizə baxış bir az dəyişdi. O mənada ki, Azərbaycan xalqının dövlətçiliyini qədim köklərdən ayıraraq yalnız sovet dövründə özünün dövlət qurumuna nail olmuş bir xalq kimi təqdim etməyə başladılar ki, guya qədimdə Azərbaycanın dövlətçiliyi olmayıb, Azərbaycan dövlətçiliyi ancaq sovet hakimiyyətinin ideologiyası altında formalaşdı, bu da Azərbaycan Sovet Sosialist Respublikası dövləti idi. Bu da əlbəttə, tariximizə saxta və təhrifedici münasibətin göstəricisi idi.
Sovet dövründə tariximizə münasibətin bundan başqa digər ziyanlı təzahürləri də var idi ki, zaman-zaman bunun haqqında danışa və tədqiqat apara bilərik. Amma Azərbaycanın müstəqillik əldə etməsindən sonra dövlətçilik sisteminə baxış köklü surətdə dəyişdi. Azərbaycançılıq dövlət ideologiyamızın mühüm bir forması kimi qəbul olundu. Yəni burada tarixən çoxlu sayda xalqların, etnik qrupların yaşaması, bunların hamısının eyni bir coğrafiyada, eyni bir dövlət uğrunda mübarizə aparması, əksəriyyətinin islam dini dünyagörüşünə malik olması, dini azlıqlarla müsəlman toplumları tərəfindən normal və dözümlü münasibətin göstərilməsi, tarixi-mədəni dəyərlərə, milli-mənəvi dəyərlərə, adət-ənənələrə bağlılıq azərbaycançılıq ideologiyasını müstəqil dövlətimizin əsas ideoloji xəttinə çevirdi. Müstəqil dövrdə dövlətçiliyimizin aparıcı xüsusiyyəti bax budur.
Bundan başqa, müstəqillik dövründə Azərbaycanın suveren və bütöv ərazidə, bütöv dövlətinin formalaşmasına mane olan ciddi bir problem var idi ki, bu da erməni təcavüzü idi və haqlı olaraq hər kəs başa düşürdü, qəbul edirdi ki, suveren və bütöv dövlətin yaranmasına nail olmaq üçün birinci növbədə erməni təcavüzünə son qoyulmalıdır. Beləliklə də, erməni təcavüzünə son qoymaq, torpaqları işğaldan azad etmək Azərbaycan xalqının və dövlətinin milli ideyasına çevrildi. Azərbaycançılıq bir ideologiya idi, ideologiya olaraq qalır, bu, öz yerində, mübahisəsizdir. Amma antiterror əməliyyatına qədər Azərbaycan dövlətinin, Azərbaycan millətinin, cəmiyyətinin hakim, əsas aparıcı ideyası məhz erməni təcavüzünün dəf edilməsi və torpaqlarının azadlığına nail olunması idi. Bu ideyanın ətrafında Azərbaycanda əksəriyyət xalqın əksəriyyətini təşkil edən türk kökənli insanlarla birləşdi. Ləzgilər, talışlar, kürdlər və bütün başqa milli azlıqlardan olan insanların hamısı bu ideyanın ətrafında birləşdilər. Çünki hamı üçün Azərbaycan vətəndir və erməni təcavüzü hamıya eyni dərəcədə ziyan vururdu. Ona görə də bizim milli qəhrəmanlarımız arasında kökəncə türk olanlar da var, talış olanlar da var, Aqarunov kimi yəhudi olanlar da var, başqa millətin nümayəndələri də var. Çünki hamı təcavüzə məruz qalmış Azərbaycanı özünün təcavüzə məruz qalmış dəyəri kimi qəbul edirdi və onun yolunda ölümə də getməyə hazır idi. Bu milli ideya nəhayət, bizim müstəqil, suveren və ərazisi bütöv dövlətimizinxbərqərar olmasına gətirib çıxardı.
Bu gün Azərbaycanda dövlətçilik düşüncəsi azərbaycançılıq ideologiyasına söykənir. Azərbaycanı regionun ən aparıcı və inkişaf etmiş dövlətinə çevirmək, təhlükəsizliyini bərpa etmək kimi bir milli ideya üzərində qurulub. Eyni zamanda, paralel olaraq bizim həm ən qədim dövrlərdəki tariximizin, həm orta əsr dövrlərindəki tariximizin mübahisəli, qaranlıq qalmış səhifələrinin aydınlığa çıxarılması, aydınlaşdırılması fəaliyyətinə söykənir. Yəni həm müasir dövlətçilik inkişaf edir, müasir dövlətçilik şüuru təkmilləşir, həm də keçmişdə bizim qədim və orta əsr dövlətçilik tariximizə ziyanlı, mənfi yanaşmaların aradan qaldırılması üçün zəruri addımlar atılır.
Bu istiqamətdə ən təsirli addımlardan biri də, dövlətin həm elmi müstəvidə aparılan araşdırmalara verdiyi dəstəkdir, həm də kütləvi informasiya vasitələri, medianın, jurnalistlərin apardığı dövlətçilik tarixinə dair araşdırmalara verdiyi dəstəkdir. Bunun tarixi əhəmiyyəti və qiyməti demək olar ki, əvəzsizdir".

Röyalə Xəyal

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31